“Mançester Yunayted”in sabiq fransalı futbolçusu Lui Saha karyerasını başa vurduqdan sonra biznes sahəsindəki uğuru ilə gündəmə gəlib.
Referans Media xəbər verir ki, 2013-cü ildə futbolçu karyerasını başa vuran Sahanın təsisçiləri arasında yer aldığı “AxisStars” adlı rəqəmsal platformanın dəyərinin 4,3 milyard dollara çatdığı iddia olunur.
İngiltərə mətbuatında yayılan məlumatlara görə, Lui Saha uşaqlıqdan tanıdığı dostu ilə birlikdə “AxisStars” platformasını yaradıb. Platformanın bazar dəyərinin 4,3 milyard dollara çatdığı bildirilir. Bununla bağlı rəqəm şirkətin dəyər qiymətləndirməsinə əsaslanır.
Məlumatda “AxisStars”ın 4,3 milyard dollarlıq dəyəri Sahanın “Mançester Yunayted”dəki sabiq komanda yoldaşı, portuqaliyalı ulduz Kriştiano Ronaldonun təxmin edilən şəxsi sərvəti ilə müqayisə edilib. İddialara görə, platformanın dəyəri Ronaldonun şəxsi sərvətindən təxminən dörd dəfə çoxdur.
Lui Saha “Mançester Yunayted”lə iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Saha daha əvvəl platformanın yaradılması ideyasının peşəkar futbolçu kimi yaşadığı təcrübələrdən yarandığını bildirmişdi. Onun sözlərinə görə, gənc idmançıların karyera idarəçiliyi və maliyyə məsələlərində müxtəlif çətinliklərlə üzləşməsi bu layihənin yaradılmasına təsir göstərib.
“AxisStars” vasitəsilə gənc idmançıları karyera və maliyyə məsələləri üzrə düzgün peşəkarlarla əlaqələndirən təhlükəsiz şəbəkə qurmaq məqsədi güdüldüyü qeyd olunur.
