Qətərin Baş naziri: “Netanyahu hərbi cinayətkardır”

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani İsrailin Baş naziri Benyamin Netanyahunu hərbi cinayətkar adlandırıb. O, regionda gərginliyin artmasına baxmayaraq, ölkəsinin diplomatiyanı ön planda tutmağa və sülhün əldə olunması üçün vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib.

Referans MEDİA  xəbər verir ki, Al Sani britaniyalı jurnalist Pirs Morqanın “Piers Morgan Uncensored” proqramına müsahibəsində Yaxın Şərqdəki son hadisələri, Qəzza zolağındakı vəziyyəti və İranla bağlı münaqişəni şərh edib.

Qətərin Baş naziri Qəzza zolağında törədilən əməllərin hərbi cinayət xarakteri daşıdığını və buna görə Netanyahunun məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İsrailin Qətərə hücumu ictimai rəyi manipulyasiya etmək və yanlış təsəvvür yaratmaq cəhdidir.

“Netanyahu hərbi cinayətkardır. O, öz əməllərini başqalarının üzərinə atmağa çalışır”, – deyə Al Sani bildirib.

Qətərin Baş naziri İsrailin ötən il Dohaya endirdiyi zərbəni də bir daha pisləyib. O, vasitəçilərə hücumun təhlükəli presedent yaratdığını vurğulayaraq, Netanyahunun qırmızı xətti keçdiyini qeyd edib.

Al Sani İran və Yaxın Şərqdəki münaqişənin nəticələrinin təkcə regionla məhdudlaşmadığını, həm də qlobal iqtisadiyyat üçün ciddi təhlükə yaratdığını bildirib.

O qeyd edib ki, Qətər ABŞ administrasiyası ilə koordinasiyalı şəkildə Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması üçün diplomatik səylərini davam etdirib.

Baş nazirin sözlərinə görə, vasitəçilik prosesi asan olmasa da, qapalı qapılar arxasında aparılan danışıqlar irəliləyişə nail olmaq üçün ən təsirli üsullardan biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki