“Biz bir daha cəsarətlə deyə bilərik ki, seçkilərin keçirilməsini 2028-ci il oktyabrın 28-nə planlaşdırırıq”.
Referans Media Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi Tv”nin canlı efirində qonaq olarkən söyləyib. Hökumət başçısının sözlərinə görə, müxalifət açıq şəkildə etiraf edib ki, nəzəri cəhətdən növbədənkənar seçkilər elan edilsə, bu, müxalifətdən çox hakimiyyətə sərf edir.
“Bir şeyi dərk etdilər ki, bu da çox yaxşıdır, artıq növbədənkənar seçkilər tələb etmirlər. Hətta üstəlik, açıq şəkildə etiraf etdilər ki, nəzəri olaraq növbədənkənar seçkilər elan olunsa, bu, müxalifətə yox, hakimiyyətə sərf edir. Onlar görürlər ki, seçkilərin nəticələri necədir. Sabah, bir aya, iki aya nəzəri olaraq növbədənkənar parlament seçkiləri keçirilsə, biz konstitusion çoxluq əldə edəcəyik. Yəni bu halda müxalifət bir daha özünə ziyan vuracaq bu isə onların maraqlarına uyğun deyil. Buna görə də onlar bir daha etiraf edirlər ki, artıq növbədənkənar seçkilərin keçirilməsi onların ümumiyyətlə marağında deyil. Buna baxmayaraq, subyektiv nəzəri maraqlara rəğmən, bir daha cəsarətlə deyə bilərik ki, seçkilər Konstitusiyada müəyyən edilmiş müddətdə, yəni 2028-ci il oktyabrın 28-də keçiriləcək”, – deyə Baş nazir qeyd edib.






















