Azərbaycanda gənclərin bölgələr üzrə sayında diqqətçəkən dəyişikliklər qeydə alınıb. Dövlət Statistika Komitəsinin 2022–2026-cı illər üzrə açıqladığı son məlumatların təhlili göstərir ki, ölkə üzrə 14-29 yaşlı əhalinin sayı cəmi 16 min nəfərdən bir qədər çox artsa da, rayon və şəhərlər üzrə mənzərə kəskin fərqlənir.
Gənclərin sayı əsasən Abşeron, Sumqayıt və Bakıətrafı ərazilərdə artdığı halda, bir sıra rayonlarda, eləcə də Bakının bəzi mərkəzi rayonlarında azalma müşahidə olunur. Bu statistika ölkədə daxili miqrasiya, urbanizasiya və demoqrafik proseslərin gedişatını bir daha gündəmə gətirir.
Regionlarda gənclərin sayının azalması gələcəkdə əmək bazarına, yerli iqtisadiyyata və sosial həyata necə təsir göstərə bilər? Dövlət regionlarda gənclərin yaşayıb işləməsini stimullaşdırmaq üçün hansı addımları atmalıdır?
İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a fikirləini bölüşüb: “Gənclərin regionlarda yaşamasını və qalmasını təmin etmək üçün dövlət tərəfindən müəyyən stimullaşdırıcı proqramların həyata keçirilməsini vacib hesab edirəm. Bunlardan ilkin olaraq, yeni iş yerlərinin açılması, gənc sahibkarlar üçün əlavə güzəştlərin, o cümlədən güzəştli kreditlərin, vergi azadolmalarının və digər təşviqedici tədbirlərin tətbiq edilməsi nəzərdə tutula bilər. Həmçinin regionlarda gənclərə əlavə torpaq sahələrinin ayrılması da bu istiqamətdə yeni imkanlar yarada bilər”.
İqtisadçı qeyd edir ki, bu gün urbanizasiya prosesi dünyanın əksər ölkələrində sürətlə baş verir və bu baxımdan dünya əhalisinin 60-70%-i artıq şəhərlərdə yaşamağa meyil göstərir: “Burada əsas amillərdən biri də sosial məsələlərdir. Bura insanların qaynayıb-qarışması, asudə vaxtın təşkili və gənclərin böyük şəhərlərdəki kimi əyləncələrdən, geniş sosial mühitdən daha çox zövq alması daxildir.
Hesab edirəm ki, kəndlərin cəlbediciliyini artırmaq üçün orada ilk növbədə kommunal xidmətlərin və infrastruktur sistemlərinin daha mükəmməl olması vacibdir. Bu mənada yol, qaz, işıq və xüsusilə də internet təminatı bu gün ən mühüm amillərdən biri kimi çıxış edir. Bununla yanaşı, kəndlərdə işləyən və ya işləmək istəyən müxtəlif peşə sahiblərinə müəyyən üstünlüklər verilməlidir. Məsələn, bir vaxtlar kəndlərdə dərs deyən müəllimlər üçün torpaq sahələrinin ayrılması təcrübəsi var idi. Bu cür proqramların yenidən həyata keçirilməsi insanların kənddə qalmasına böyük təkan verə bilər.
Eyni zamanda, kəndlərdəki şərait şəhər və qəsəbələrin səviyyəsinə uyğunlaşdırılmalıdır. Rayon mərkəzlərində müəyyən ticarət və əyləncə mərkəzlərinin yaradılması məqsədəuyğun olardı. Belə mühit gənclərin asudə vaxtlarını maraqlı keçirmələrinə və sosiallaşmalarına geniş imkanlar yaradar. Son olaraq, regionlarda kənd turizminin inkişaf etdirilməsi, yerli əhalinin bu sahəyə daha çox cəlb olunması və kəndlərin turizm potensialının təbliği də insanların regionlarda daha maraqlı və dinamik bir həyat tərzi sürməsinə müsbət təsir göstərə bilər”.
