Rusiyanın Novorossiysk şəhərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində benzinin tükəndiyi və satışın dayandırıldığı bildirilib.
Novorossiysk şəhər administrasiyasının məlumatına görə, şəhərdəki yanacaqdoldurma məntəqələrində benzin qalmayıb, dizel yanacağı isə yalnız 8 məntəqədə məhdud miqdarda mövcuddur.
Məlumatda qeyd olunub ki, hazırda avtomobillərə yanacaq yalnız xüsusi yanacaq kartları vasitəsilə satılır və bu imkandan yalnız şirkətlərə məxsus nəqliyyat vasitələri yararlana bilir.
Bildirilir ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına həyata keçirdiyi hücumlar nəticəsində çoxsaylı müəssisələr texniki xidmətə dayandırılıb. Bu səbəbdən Rusiya hökuməti yanacaq bazarında sabitliyi qorumaq məqsədilə vaxtaşırı satış və ixrac məhdudiyyətləri tətbiq edir.
Qeyd edək ki, hazırda Moskva və Sankt-Peterburq da daxil olmaqla Rusiyanın təxminən 40 regionunda yanacaq satışına müxtəlif məhdudiyyətlər tətbiq olunur.
