Benzinlə bağlı TƏCİLİ XƏBƏR YAYILDI - Ekspert qlobal yanacaq böhranı ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində ölkədə yaranan yanacaq qıtlığı, Moskvanın Hindistan və Belarusdan benzin idxalına başlaması, eləcə də Avropada müşahidə olunan təchizat problemləri qlobal enerji bazarında yeni risklər yaradıb. Ekspertlər hesab edirlər ki, bu proseslər neft və yanacaq qiymətlərinə, inflyasiyaya və dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. 

Mövzu ilə bağlı Referans Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli baş verənlərin qlobal enerji bazarı və Azərbaycan iqtisadiyyatı üçün mümkün nəticələrini dəyərləndirib.

Akif Nəsirli bildirib ki, Rusiyanın yanacaq qıtlığını Hindistan və Belarusdan idxal hesabına kompensasiya etməyə çalışması, eyni zamanda Avropada da yanacaq təchizatında müəyyən çətinliklərin yaranması qlobal enerji bazarında balansın daha həssas vəziyyətə düşdüyünü göstərir.

Onun sözlərinə görə, bu proseslər ilk növbədə neft məhsulları bazarında logistika xərclərinin artmasına, tədarük marşrutlarının dəyişməsinə və regional qiymət fərqlərinin genişlənməsinə səbəb ola bilər. Nəticədə dizel, benzin və digər neft məhsullarının qiymətlərində qısamüddətli artım riski yüksəlir.

İqtisadçı qeyd edib ki, təchizat problemləri uzunmüddətli xarakter alacağı təqdirdə, bu vəziyyət dünya bazarında inflyasiya təzyiqlərini də gücləndirə bilər.

“Yanacaq qiymətlərinin artması nəqliyyat, sənaye, kənd təsərrüfatı və logistika xərclərinə birbaşa təsir göstərdiyindən, istehsal və xidmət sektorlarında qiymət artımlarını sürətləndirə bilər. Xüsusilə enerji idxalından yüksək asılı olan ölkələr bu təsirləri daha kəskin hiss edəcəklər”.

Akif Nəsirli vurğulayıb ki, neft bazarında qiymət dinamikası yalnız bu amillə müəyyən olunmur.

“Burada qlobal tələb, əsas istehsalçı ölkələrin hasilat siyasəti, geosiyasi risklər və dünya iqtisadiyyatının inkişaf tempi də həlledici rol oynayır. Bununla belə, neft məhsulları bazarında yaranan gərginlik müəyyən dövrlərdə xam neft qiymətlərinə də yuxarı istiqamətli təzyiq göstərə bilər”.

İqtisadçı hesab edir ki, yaranmış vəziyyət Azərbaycan iqtisadiyyatı baxımından həm müsbət, həm də mənfi nəticələr doğura bilər.

“Dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə qalması ölkənin ixrac gəlirlərinin və dövlət büdcəsinə daxilolmaların artmasına dəstək verə, enerji ixracatçısı kimi Azərbaycanın gəlirlərini müəyyən qədər yüksəldə bilər.

Bununla yanaşı, beynəlxalq bazarlarda yanacaq və logistika xərclərinin bahalaşması idxal olunan məhsulların qiymətlərinə təsir göstərə, inflyasiya risklərini artıra və qeyri-neft sektorunda istehsal xərclərinin yüksəlməsinə səbəb ola bilər”.

Akif Nəsirli sonda bildirib ki, bu proseslərin qlobal iqtisadiyyata təsirinin miqyası təchizat problemlərinin nə qədər davam etməsindən və alternativ tədarük kanallarının nə dərəcədə effektiv işləməsindən asılı olacaq.

“Hazırkı mərhələdə bazarlarda daha çox qeyri-müəyyənliyin və qiymət dəyişkənliyinin artacağı ehtimalı yüksəkdir”, – deyə iqtisadçı fikrini yekunlaşdırıb.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki