Əhalinin gözü bu xəbərdədir: 2027-ci ildə nə qədər artım gözlənilir?

Azərbaycanda 2027-ci il üçün yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulsa da, bu göstəricilərin hesablanma metodikası yenidən müzakirə mövzusuna çevrilib. İqtisadçılar hesab edirlər ki, yaşayış minimumunun müəyyənləşdirilməsində istifadə olunan indikatorlar və hesablama qaydaları müasir iqtisadi reallıqlara uyğunlaşdırılmalıdır. Eyni zamanda, qarşıdakı ildə əməkhaqqı və pensiyalarda gözlənilən artımın hansı mexanizmlə həyata keçiriləcəyi də maraq doğurur.

Referans Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ilk növbədə yaşayış minimumunun və minimum istehlak səbətinin hesablanma qaydalarına yenidən baxılmalıdır. Onun sözlərinə görə, uzun illərdir bu sahədə istifadə olunan indikatorlar və hesablama metodikası dəyişdirilmir.

Ekspert məsələ ilə bağlı fikirlərini belə izah edib:

"Əslində, ilk növbədə bu məsələdə müzakirə olunmalı və qərar verilməli olan məsələ yaşayış minimumunun və minimum istehlak səbətinin hesablanma qaydalarıdır. Hesab edirəm ki, bu sahədə yeniliklərə ehtiyac var. Uzun illərdir həmin hesablama qaydaları və indikatorlar dəyişdirilmir.

İlk növbədə bu məsələni ciddi şəkildə müzakirə etməli, ölkədə yaşayış minimumunun hesablanma qaydalarını və həmin göstəricinin müəyyənləşdirilməsində istifadə olunan indikatorları yenidən nəzərdən keçirməliyik. Çünki mövcud metodika əsasında hər dəfə hesablama aparıldıqda aşağı göstəricilər ortaya çıxır".

Gələn il maaş və pensiyalarda gözlənilən artımla bağlı danışan iqtisadçı qeyd edib ki, yaşayış minimumunun yüksəldilməsi bu ödənişlərə birbaşa təsir göstərmir:

"İstər-istəməz, gələn il üçün yaşayış minimumunda artım var. Bu da maaş və pensiyaların artırılmasına müəyyən təsir edəcək. Amma açığını desəm, bunun birbaşa təsiri yoxdur. Maaş və pensiyalar ayrıca formullar əsasında artırılır.

Çox güman ki, gələn il əmək pensiyalarında və dövlət sektorunda çalışanların maaşlarında orta aylıq əməkhaqqının artım dinamikasına uyğun yüksəliş həyata keçiriləcək. Yəni orta aylıq əməkhaqqı nə qədər artacaqsa, neçə faiz artım olacaqsa, indeksasiya da həmin göstəriciyə uyğun aparılacaq.

Bu artımın təxminən 9-10 faiz civarında olacağı gözlənilir. Çox güman ki, gələn il maaş və pensiyalarda orta hesabla 10 faizə yaxın artım baş verə bilər".

Beləliklə, ekspertin fikrincə, yaşayış minimumunun artırılması ilə yanaşı, onun hesablanma metodikasının yenilənməsi də vacibdir. Çünki göstəricilərin yalnız rəqəmsal olaraq yüksəldilməsi deyil, real yaşayış xərclərini və əhalinin minimum tələbatını əks etdirməsi əsas məsələdir. Maaş və pensiyalarda isə gələn il təxminən 9-10 faizlik artım gözlənilsə də, yekun məbləğlər müvafiq indeksasiya mexanizmləri əsasında müəyyənləşəcək.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki