Bakı-Xırdalan marşrutu üzrə hərəkət edən sərnişin qatarı Dərnəgül stansiyasında dayanıb.
Referans Media xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.
Bildirilib ki, Bakı-Xırdalan qatarı Dərnəgül stansiyasında təxminən 30 dəqiqədir dayanıb və hərəkəti bərpa olunmayıb.
İlkin məlumata görə, sərnişinlərin əksəriyyəti qatardan düşərək metronun “Dərnəgül” stansiyasına üz tutublar. Bəzi sərnişinlərin isə halının pisləşdiyi bildirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qatarın dayanmasına səbəb elektrik təchizatında gərginliyin olmamasıdır.
“Bu gün saat 19 radələrində “Dərnəgül” dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün qatarlardan birinin hərəkətində gecikmə qeydə alınıb.
Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə tədbirlər görülür”, – məlumatda qeyd olunub.
