image-sepahbackend

SEPAH imperiyası və ac xalq – İranı bu nöqtəyə kim gətirdi?

İranda son dövrlərdə baş verən etirazlar, sosial partlayışlar və dərin narazılıq molla rejiminin onilliklər ərzində xalqın başına gətirdiyi müsibətlərin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Bu hadisələri kənar təsirlərlə, “xarici əl”lə izah etmək cəhdləri artıq nə İran cəmiyyətində, nə də regionda ciddi qəbul olunur. Çünki problemin kökü fərsiz idarəetmədə, yanlış iqtisadi siyasətdə və rejimin adekvat olmayan mahiyyətindədir.

İran İslam Respublikası uzun illərdir faktiki olaraq xalqın deyil, dar bir dini-siyasi elitanın və təhlükəsizlik aparatının maraqlarına xidmət edən sistem üzərində qurulub. Bu sistemin əsas dayaqlarından biri SEPAH – İnqilab Keşikçiləri Korpusudur.

SEPAH 1979-cu il İslam inqilabından sonra Ayətullah Ruhulla Xomeyninin göstərişi ilə yaradılıb və ilkin mərhələdə rejimi daxili və xarici təhlükələrdən qorumaq məqsədi daşıyıb. Lakin zamanla bu qurum klassik hərbi strukturu aşaraq dövlət içində dövlətə çevrilib. Bu gün SEPAH təkcə silahlı qüvvə deyil, həm də siyasi, iqtisadi və ideoloji güc mərkəzidir. Onun tərkibinə quru qoşunları, hava-kosmik qüvvələr, dəniz qüvvələri, “Qüds” xüsusi təyinatlı xarici əməliyyatlar bölməsi və kəşfiyyat strukturları daxildir. SEPAH birbaşa ali dini liderə tabedir və hökumət, parlament, hətta prezident üzərində real nəzarət imkanlarına malikdir.

SEPAH eyni zamanda ölkənin ən böyük iqtisadi imperiyalarından biridir. Neft və qaz layihələri, tikinti sektoru, bank-maliyyə sistemi, idxal-ixrac, limanlar, sərhəd ticarəti və hətta humanitar layihələr bu strukturun nəzarətindədir. Rəsmi və qeyri-rəsmi mənbələrə görə, SEPAH və molla rejiminə bağlı fondlar milyardlarla dollar vəsaiti nəzarətdə saxlayır. Bu sərvətlərin xalqın rifahına deyil, rejimin özünü qoruma mexanizmlərinə və regional avantüralara xərclənməsi isə artıq gizlədilmir.

Bu gün İranda milyonlarla insan yoxsulluq həddində yaşayır, inflyasiya nəzarətdən çıxıb, milli valyuta dəyərini itirib, işsizlik xüsusilə gənclər arasında fəlakətli səviyyəyə çatıb. Ən acınacaqlısı isə budur ki, ölkə dünyanın ən zəngin enerji ehtiyatlarına sahib olduğu halda, xalq elektrik, su və istilik problemləri ilə üz-üzədir. Bütün bunların fonunda molla rejiminin rəhbərləri və SEPAH generalları sərvətlərini artırmaqda davam edir. Bu ziddiyyət artıq partlayış nöqtəsinə çatıb.

Rejimin qəddarlığı və qaniçən mahiyyəti isə hər etiraz dalğasında bir daha üzə çıxır. Dinc aksiyalar güllə, həbs, işgəncə və edamlarla cavablandırılır. Onilliklərdir davam edən bu zorakılıq siyasəti cəmiyyəti qorxutmaq əvəzinə, nifrəti və müqaviməti daha da dərinləşdirib. İran küçələrində səslənən şüarlar artıq yalnız iqtisadi tələblər deyil, bütöv sistemə etirazdır. Xalq anlayır ki, problem təkcə qiymətlərdə və ya hökumətdə yox, bütün molla rejiminin strukturundadır.

Bu kontekstdə İran prezidenti Məsud Pezeşkianın açıqlamaları xüsusi diqqət çəkir. O, hadisələrdə xarici qüvvələr axtarmağın mənasız olduğunu, problemlərin daxildən qaynaqlandığını etiraf edib. Bu, molla rejimi daxilindən səslənən nadir etiraflardan biridir. Lakin cəmiyyət çox yaxşı anlayır ki, Pezeşkianın bu sözləri real dəyişiklik vəd etmir. Çünki İran prezidentinin səlahiyyətləri əsasən formal xarakter daşıyır. Əsas qərarlar ali dini lider, SEPAH və təhlükəsizlik strukturları tərəfindən verilir. Prezident xalqın etimadını qazansa belə, sistemi dəyişmək gücündə deyil. Bu isə İran cəmiyyətində seçkilərə və dövlət institutlarına inamı faktiki olaraq sıfıra endirib.

Molla rejiminin illər boyu daxili problemləri həll etmək əvəzinə milyardlarla dolları xaricdəki proksi qüvvələrə xərcləməsi də bugünkü böhranın əsas səbəblərindəndir. Livan, Suriya, İraq, Yəmən və digər ölkələrdə aparılan ideoloji və hərbi ekspansiya İran xalqının cibindən çıxan vəsait hesabına maliyyələşdirilib. Rejim üçün “müqavimət oxu” prioritet olduğu halda, xalq üçün çörək, iş və normal həyat ikinci plana atılıb. Bu siyasət nəticə etibarilə həm İranı daxildən zəiflədir, həm də regionda təcrid vəziyyətinə salır.
Tehran rejimi bu ideoloji xətti illər boyu Azərbaycana da ixrac etməyə çalışıb.

“SƏHƏR” kanalı, dini təbliğat şəbəkələri və müxtəlif təsir mexanizmləri vasitəsilə Azərbaycan cəmiyyətində molla ideologiyasını yaymaq cəhdləri gizli deyil. Lakin Azərbaycan dövləti bu fəaliyyətlərin qarşısını qətiyyətlə alıb. Bu gün İranda baş verənlər həm də Azərbaycandakı İran sevdalıları üçün ciddi dərs olmalıdır. Öz xalqını yoxsulluğa, zülmə və ümidsizliyə sürükləyən bir rejimi idealizə etmək, onun bayrağını qaldırmaq siyasi sadəlövhlükdən daha çox, açıq xəyanət kimi qiymətləndirilməlidir.

Xomeyni bayraqları altında şüarlar səsləndirənlər bu gün İran küçələrində döyülən, güllələnən, həbs edilən, edam olunan insanların taleyinə baxmalıdır. Molla rejiminin “ədalət”, “mənəviyyat” və “islam dövləti” adı altında qurduğu sistemin real üzü məhz budur: korrupsiya, zorakılıq, sosial uçurum və ümidsizlik.

İranda baş verənlər göstərir ki, ideoloji rejimlər nə qədər sərt olsa da, xalqın səbrini sonsuz saymaq mümkün deyil. Bu gün İranda baş verən hadisələrin nəticələri artıq aydın görünür.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki