backend

Səudiyyə Ərəbistanı səhralarında qeyri-adi mənzərə: Ətraf ağ örpəyə büründü

İsti iqlimi və səhraları ilə tanınan Səudiyyə Ərəbistanında bu dəfə alışılmış mənzərə tam əksinə çevrilib. Sosial şəbəkələrdə yayılan görüntülərdə səhranın ağ qar örtüyü ilə bürünməsi izləyənləri təəccübləndirib.

Referans Media xəbər verir ki, adətən orta hesabla 30 dərəcə isti və quraq iqlimi ilə tanınan ölkədə kəskin soyuqlar təsirini göstərməyə başlayıb. İngiltərənin The Mirror nəşrinin məlumatına görə, xüsusilə Tabuk və Hail kimi yüksək rakımlı bölgələrdə yağan qar, qum təpələrində qeyri-adi mənzərələr yaradıb. Meteoroloqlar bəzi ərazilərdə hava temperaturunun mənfi 4 dərəcəyədək düşdüyünü, yağıntıların isə paytaxt Ər-Riyadın şimalına qədər çata biləcəyini bildiriblər.

Fırtına və sel xəbərdarlığı

Səudiyyə rəsmiləri qeyri-adi hava şəraitinin yaxın günlərdə də davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Proqnozlara əsasən, qarla yanaşı güclü külək, leysan yağışlar və ildırımlı fırtınalar da gözlənilir. Vətəndaşlara səfərlər zamanı ehtiyatlı olmaları, sel riski olan yollardan uzaq durmaları və rəsmi təhlükəsizlik göstərişlərinə əməl etmələri tövsiyə olunub.

Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanında qar yağması tarixi baxımdan çox nadir hadisədir. Lakin son onilliklərdə, xüsusən 2022-ci ildəki sərt qışdan sonra bu cür hallar daha tez-tez müşahidə olunmağa başlayıb.

“Ağ əsarət”

Meteoroloqlar bildiriblər ki, soyuq hava kütlələrinin rütubətli sistemlərlə birləşməsi bu “ağ əsarət” mənzərəsini yaradıb.

Sosial mediada böyük təəccüb

Qarla örtülmüş səhrə görüntülərinin yayılması sosial şəbəkələrdə geniş rezonans doğurub. X platformasında bəzi istifadəçilər “Səudiyyə Ərəbistanında qar yağır? İnanılmazdır!” şərhlərini yazıblar. Yerli sakinlər isə yüksək dağlıq ərazilər üçün bunun tamamilə yad olmadığını, regionun Livan və Suriya kimi ölkələrində də qış aylarında qarın adi hal sayıldığını xatırladıblar.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki