ABŞ-ın SpaceX şirkəti "Starship" kosmik gəmisinin 13-cü sınaq buraxılışını növbəti dəfə təxirə salıb.
Referans Media xəbər verir ki, şirkət bununla bağlı "X" sosial şəbəkəsində açıqlama yayıb.
Açıqlamada bildirilib ki, əlverişsiz hava şəraiti səbəbindən sınaq buraxılışı 24 iyul, cümə günü üçün planlaşdırılıb.
Qeyd edək ki, buraxılış əvvəlcə 16 iyul tarixinə nəzərdə tutulsa da, son anda ləğv edilmişdi. SpaceX-in rəhbəri İlon Mask bunun səbəbinin mühərrik nasazlığı olduğunu açıqlamışdı. Onun sözlərinə görə, bəzi mühərriklər işə düşmədiyi üçün avtomatik təhlükəsizlik sistemi buraxılışı dayandırıb və uçuş əvvəlcə 23 iyul tarixinə təxirə salınmışdı.
"Starship"in əvvəlki – 12-ci sınaq uçuşu may ayında həyata keçirilmişdi. Həmin vaxt şirkət üçüncü nəsil (V3) kosmik gəmisinin ilk prototipi olan Starship S39-u uğurla buraxsa da, aparat okeana enişdən sonra partlamışdı.
Şirkət bildirib ki, əvvəlki sınaqda aşkarlanan problemlər aradan qaldırılıb və proqram təminatı yenilənib.
SpaceX-in planına əsasən, Starship sistemi Yerin aşağı orbitinə pilotlu uçuşlar, peyklərin orbitə çıxarılması, Ay və Mars missiyaları, eləcə də daha uzaq kosmik səfərlər üçün istifadə olunacaq. Yenidən istifadə edilə bilən Super Heavy gücləndiricisi və Starship kosmik gəmisi şaquli eniş etmək üçün nəzərdə tutulub.
