İnformasiya texnologiyalarının sürətli inkişafı və rəqəmsallaşma dövrü bütün sahələrdə olduğu kimi, media sektorunda da köklü dəyişikliklərə yol açır. Ənənəvi media vasitələrinin öz yerini onlayn platformalara və sosial mediaya güzəştsiz şəkildə təhvil verdiyi bir zamanda, texnoloji tərəqqinin mətbuatda çalışan kadrların fəaliyyətinə və iş prinsiplərinə təsiri getdikcə daha çox müzakirə olunur.
Dövrün tələbləri fonunda rəqəmsal mediada bəzi texniki ixtisasların və əməkdaşların, o cümlədən tərcüməçilərin funksiyalarının məhdudlaşması, eyni zamanda süni intellektin mediadakı gələcək rolu ətrafında fərqli yanaşmalar ortaya çıxarır. Mətbuat Şurasının sədri Rəşad Məcid Referans Media-ya özəl açıqlamasında bu məsələyə münasibət bildirərək, süni intellektin jurnalistikadakı imkanları və sərhədləri barədə fikirlərini bölüşüb:
"Süni intellektin mediaya necə təsir edəcəyi barədə müxtəlif fikirlər var. Süni intellekt hər halda jurnalistin bacarığından və onu necə yönləndirməsindən asılıdır. Mən hesab edirəm ki, bunun həm müsbət, həm də mənfi cəhətləri var. İnformasiyanı dəqiqləşdirmək, mövzunun əhatəliliyini mənimsəmək və ya hansısa tarixi hadisələrlə bağlı geniş məlumatlar əldə etmək baxımından süni intellekt jurnalistə müəyyən dərəcədə kömək edə bilər".
Rəşad Məcid Referans Media-ya süni intellektin jurnalistikadakı rolunu belə şərh edib:
"Amma eyni zamanda, jurnalistikanın təməlində jurnalistin öz düşüncəsi və hadisələrə şəxsi analitik mövqeyi dayanır. Bu baxımdan, süni intellektin bəzən jurnalistlərdə tənbəllik yaratması ehtimalı olsa da, hesab edirəm ki, bu, müvəqqəti bir dövr üçündür. Oxucular və tamaşaçılar hər zaman səviyyəli, peşəkar jurnalistlərin təhlillərinə, reportajlarına və müəllif yazılarına ehtiyac duyacaqlar. Süni intellekt ancaq bu cür peşəkar jurnalistlərin fəaliyyətində bir yardımcı rol oynaya bilər."
Sonda Mətbuat Şurasının sədri öz təşəkkürünü bildirərək, texnoloji yeniliklərin peşəkar jurnalistika prinsiplərini və insan faktorunu üstələyə bilməyəcəyini bir daha vurğulayıb.
