Qalmaqaldan sonra yeni görüntülər: İsa Həbibbəyli əlyazmanı öpdü, gözünün üstünə qoydu

Xəbər verdiyimiz kimi, AMEA prezidenti İsa Həbibbəylinin Vatikan nümayəndə heyətinə qədim əlyazmanı təqdim edərkən onu sürətlə vərəqləməsi və əlyazma ilə kobud davrandığı iddiaları ciddi qalmaqala səbəb olub. Sosial şəbəkələrdə geniş müzakirələrə yol açan görüntülərdən sonra bir sıra tanınmış şəxslər İsa Həbibbəylini sərt şəkildə tənqid edib, hətta onun istefasını tələb edənlər də olub.

Referans Media xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada sosial şəbəkələrdə yayılan görüntülərin ixtisar edilmiş formada təqdim olunduğu bildirilib.

Açıqlamada deyilir:

“Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti barədə yayılan məlumatlar reallığı əks etdirmir.

Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi, həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə olunduğundan həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyil.

Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası da İnstitutun fondunda mühafizə olunur.

Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb nümayiş etdirmək məqsədilə müəyyən tələsiklik yaranıb.

Əlyazmanın təqdimatının sonunda isə İsa Həbibbəyli Nizami Gəncəvinin şəxsiyyətinə, əlyazmasına və əsərlərinə olan yüksək ehtiramını xüsusi bir ritualla ifadə etdikdən sonra onu xarici qonaqlara təqdim edib.

Nədənsə sosial media AMEA rəhbərinin Nizami Gəncəvinin şəxsiyyətinə və ölməz sənətinə bəslədiyi xüsusi ehtiramı əks etdirən həmin məqamları ixtisar edərək ictimaiyyətə çatdırıb.

İsa Həbibbəylinin “Nizami Gəncəvi: Azərbaycandan-dünyaya” kitabı Bakıda və Ankarada nəşr olunub”.

Qurum bununla bağlı videogörüntü də yayıb. Həmin kadrlarda İsa Həbibbəylinin qədim əlyazmanı öpdüyü, gözünün üstünə qoyduğu və daha sonra qonaqlara təqdim etdiyi görünür./Musavat.com 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki