Çin şirkəti "Pudu Robotics" tərəfdaşları ilə birlikdə Şençjen-Çjunşan körpüsü yaxınlığındakı süni adada inşa edilən tam robotlaşdırılmış otel layihəsini həyata keçirir.
Referans Media "New Atlas"a istinadla xəbər verir ki, otel ilk qonaqlarını 2027-ci ildə qəbul edəcək, avtomatlaşdırılmış xidmətə tam keçid isə 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.
Robotlaşdırılmış sistemlərin tətbiqi mərhələlərlə həyata keçiriləcək. Artıq 2026-cı ildən etibarən oteldə müxtəlif tapşırıqları yerinə yetirmək üçün robotlardan istifadə olunmağa başlanacaq, ilkin mərhələlərdə funksiyaların bir hissəsini isə hələ də personal yerinə yetirəcək.
Layihə əksər otel xidmətlərinin avtomatlaşdırılmasını nəzərdə tutur. Xüsusilə, "FlashBot" sistemi qonaqlara mobil tətbiq vasitəsilə yemək və içki sifariş etməyə imkan verəcək, bundan sonra robotlar onları sərbəst şəkildə nömrələrə çatdıracaqlar.
Kompleksin işi üçün "Pudu Robotics"in artıq mövcud olan robotlar xəttindən istifadə edilməsi planlaşdırılır. "PUDU T300" modeli 300 kq-a qədər yükü daşıya biləcək, "CC1 Pro" və "MT1" robotları otaqların və ətraf ərazinin təmizliyinə cavabdeh olacaq, "BellaBot Pro" qəhvə hazırlayıb təqdim edəcək, "KettyBot Pro" isə restoranlarda ziyarətçilərə xidmət göstərəcək.
Bundan əlavə, şirkət otel infrastrukturunun mərkəzləşdirilmiş idarə edilməsi üçün öz süni intellekt modellərini və İİ-agentlərini hazırlayıb. "Pudu Robotics"in bəyanatına görə, belə sistemlər qeydiyyat şöbəsindəki robotlara qonaqların nitqini və jestlərini tanımağa, xidmət robotlarına müstəqil şəkildə optimal çatdırılma marşrutları qurmağa, təmizlik maşınlarına isə real vaxt rejimində dəyişən şəraitə uyğunlaşmağa imkan verəcək./Publika.az
