Son məlumatlara görə, Azərbaycanda nikah və boşanmaların sayında azalma var Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 36 332 nikah və 15 480 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşür.
Bu azalmanın səbəbi nədir? Ümumiyyətlə nikah sayındakı bu gerilik nədən xəbər verir? Mövzu ilə bağlı sosioloq Tərlan Tağıyeva Referans-a müsahibəsində bildirib ki, son zamanlarda statistik göstəricilər göstərir ki, Azərbaycanda nikahların sayı azalır, boşanma hallarının sayı isə artır. Buna bir sıra sosioloji və iqtisadi amillər səbəb olur. Məsələn, nikahların sayının azalması insanların işsizliklə üzləşməsi, yaşayış xərclərinin artması və iqtisadi sabitliyin olmaması ilə bağlıdır. Bu amillər gənclərin ailə başçısı olmaqdan çəkinməsinə, məsuliyyət götürməkdən qorxmasına və bu yükün öhdəsindən gələ bilməyəcəklərini düşünmələrinə səbəb olur.
Sosioloq bildirib ki, digər bir faktor isə gənclər arasında evliliyə münasibətin dəyişməsidir. Ailə dəyərlərinin transformasiyası, ailə institutu haqqında fərqli düşüncələr gənclərin “ailə qurmaq üçün hələ tezdir” fikrinə gəlməsinə yol açır. Onlar özlərini ata və ya ana olmağa hazır hiss etmirlər. Bununla yanaşı, psixoloji, sosial status və iqtisadi uyğunluğu olan insan axtarışı da evliliyin gecikməsinə səbəb olur. Eyni zamanda, qadınların təhsilə və karyeraya marağının artması, müstəqil olmaq istəyinin güclənməsi də nikah yaşını artırır. Əvvəlki dövrlərlə müqayisədə qızlar ailə qurmağa daha az tələsirlər və bu da ümumi nikah sayının azalmasına təsir edir. Hazırda evlənmə yaşı çox zaman 30–35-ə qədər yüksəlir ki, bu da nikah statistikalarında azalma yaradır. Boşanmaların artmasına səbəb olan əsas amillər isə maddi çətinliklər, ailədaxili münaqişələr, tərəflərin bir-birinə uyğun olmaması və ailə institutunun möhkəmliyinin zəifləməsidir. Tərəflər bir-birini anlamağa və güzəştə getməyə hazır olmur, kiçik problemləri belə boşanma həddinə çatdırırlar.
Həmsöhbətimizin qənaətinə görə, əvvəllər insanlar ictimai qınaqdan çəkinirdilər, valideynlər də boşanmalara qarşı çıxırdı. Lakin indi valideynlərin özləri belə övladlarına “əziyyət çəkməyin, ayrılın” təklifini verə bilir. Bu da boşanma hallarının artmasına şərait yaradır. Boşanmaların artmasının digər səbəbi isə sosial şəbəkələrdə lüks həyat tərzinin nümayiş etdirilməsidir. İnsanlar gördükləri idealizə olunmuş həyatı öz həyatlarında da görmək istəyir, bu gözləntilər qarşılanmadıqda isə narazılıq və konfliktlər yaranır. Boşanma hallarının qarşısını almaq üçün düşünürəm ki, evlilik öncəsi məsləhət xidməti və psixoloji hazırlıq vacibdir.
Müsahibimiz deyib ki, cütlüklərin ailə məsləhət mərkəzlərinə müraciət etməsi və şüurlu şəkildə ailə qurması təşviq edilməlidir. Erkən nikahların azalması da statistikalara təsir edir. Bu hal əslində müsbətdir, çünki məqsədimiz nikah sayını süni şəkildə artırmaq deyil, sağlam ailələrin formalaşmasını təmin etməkdir.
Tərlan Tağıyeva vurğulayıb ki, nikah və doğum sayının azalması uzunmüddətli perspektivdə əhalinin sayının azalmasına səbəb ola bilər. Bu isə gələcəkdə ölkəyə xarici miqrantların axınına və nəticə etibarilə genofondun dəyişməsinə gətirib çıxara bilər. Bütün bu proseslər bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Sağlam cəmiyyət formalaşdırmaq və sağlam ailə planlamasını təmin etmək üçün dövlət dəstəyi vacibdir. Gənclərə güzəştli ipoteka proqramları, sosial dəstək mexanizmləri, iş yerlərində gənclərə üstünlük verilməsi və gənc ailələr üçün stimullaşdırıcı siyasətlər həyata keçirilə bilər. Bu cür dəstək gənclərdə evliliyə marağı artırar və onlar üçün motivasiya yaradar.
“Ümumi məqsədimiz sağlam ailələr qurmaq və sağlam nəsil yetişdirməkdir. Bunun üçün cəmiyyətin bütün üzvləri birlikdə çalışmalıdır”, – deyə sosioloq qeyd edib.
Bünyamin Bünyadzadə
Referans
