67 rayonla bağlı gözlənilməz qərar: Büdcədən niyə əlavə pul ayrılmır?

2027-ci il dövlət büdcəsi layihəsində Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün əlavə dövlət vəsaiti ayrılmasının nəzərdə tutulmaması müzakirələrə səbəb olub. Regionların öz xərclərini qarşılamaq imkanlarını şərh edən iqtisadçı Natiq Cəfərli bu yanaşmanın hansı hesablamalara əsaslandığının izah edilməli olduğunu bildirib.

Referans Media-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda vergilər mərkəzləşdirilmiş qaydada toplandığı halda, şəhər və rayonların özlərini hansı maliyyə mənbələri hesabına təmin edəcəyi sual doğurur.

Onun sözlərinə görə, hökumət rəsmiləri regionların öz xərclərini qarşılaması ilə bağlı iddianı əsaslandırmalı, bunun hansı maliyyə mənbələrinə və hesablamalara söykəndiyini izah etməlidirlər.

İqtisadçı bildirib ki, rayonlarda çalışan müəllimlərin, həkimlərin, hüquq-mühafizə və digər dövlət qurumlarının əməkdaşlarının maaşları mərkəzi büdcədən ödənilir. Eyni zamanda, regionlarda həyata keçirilən iri infrastruktur layihələri də mərkəzi büdcə hesabına maliyyələşdirilir.

Natiq Cəfərli hesab edir ki, bu şəraitdə şəhər və rayonların özünü maliyyələşdirməsi anlayışının nə demək olduğu aydınlaşdırılmalıdır.

O, 2027-ci ilin dövlət büdcəsi layihəsinin parlamentə təqdim edilməsindən sonra hökumətə bu məsələ ilə bağlı suallar ünvanlayacağını bildirib:

“Bir rayonun özünü dolandırması, büdcədən vəsait almaması nə deməkdir? Bu, hansı hesablamalara dayanır? Heç bir şəhərin, rayonun öz vergi yığma sistemi yoxdursa, vergilər, rüsumlar və cərimələr mərkəzi büdcəyə daxil olursa, ‘filan rayon özünü maliyyələşdirir’ iddiasının maliyyə dayanıqlığı nədir?”

İqtisadçı vurğulayıb ki, rayonlarda dövlət qurumlarının əməkdaşları mərkəzi büdcədən maaş alır, böyük infrastruktur layihələrinin xərcləri də həmin büdcədən qarşılanır. Bundan əlavə, təbii fəlakət baş verdiyi halda dəymiş ziyanın mərkəzi büdcə hesabına ödənilməsi də regionların özünü maliyyələşdirməsi iddiası ilə bağlı suallar yaradır.

Natiq Cəfərli hesab edir ki, hökumət bu yanaşmanı izah etməli və regionların maliyyə müstəqilliyi ilə bağlı irəli sürülən fikirlərin əsasını açıqlamalıdır.

“Bəlkə problemləri etiraf etmək, etiraf etdikdən sonra da həll yollarını müzakirə etmək zamanı çatıb?” – deyə iqtisadçı bildirib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki