ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: 2027-ci ildən maaş, pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR GƏLDİ

Azərbaycanda 2027-ci ildə pensiyaların, sosial müavinətlərin və minimum əməkhaqqının artırılması gözlənilir. Artımların konkret məbləği hələ açıqlanmasa da, onların müəyyənləşdirilməsində inflyasiya səviyyəsi, orta aylıq əməkhaqqının artım tempi və dövlət büdcəsinin maliyyə imkanlarının nəzərə alınacağı bildirilir. Bəs gələn il sosial ödənişlərdə nə qədər artım ola bilər və yeni məbləğlər nə vaxt qüvvəyə minə bilər?

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, 2027-ci ildə pensiyaların, sosial müavinətlərin və minimum əməkhaqqının artırılması gözlənilir. Onun sözlərinə görə, oktyabrın 22-də Prezident İlham Əliyev qarşıdakı ildə bu ödənişlərin artırılması ilə bağlı müvafiq tapşırıq verildiyini açıqlayıb.

Vüqar Oruc qeyd edib ki, hazırda artımların hansı faizlə və ya hansı məbləğdə həyata keçiriləcəyi, eləcə də bu məqsədlə dövlət büdcəsində nə qədər vəsaitin nəzərdə tutulacağı müzakirə olunur.

Onun sözlərinə görə, artımlar müəyyənləşdirilərkən inflyasiya səviyyəsi, orta aylıq əməkhaqqının artım tempi və əsas amillərdən biri kimi dövlət büdcəsinin maliyyə imkanları nəzərə alınır.

İqtisadçı bildirib ki, 2026-cı ildə mövcud göstəricilərə əsasən, orta illik inflyasiya 5,7 faiz təşkil edir. Ərzaq məhsulları və ərzaq səbətinin komponentləri üzrə qiymət artımı isə təxminən 7 faizdir. Orta aylıq əməkhaqqının ilin əvvəlindən təxminən 8 faiz artaraq 1200 manatadək çatdığını qeyd edən Vüqar Oruc bildirib ki, bu rəqəmlər sosial ödənişlərin artırılması zamanı nəzərə alınacaq.

Onun fikrincə, vətəndaşların gündəlik xərclərində baş verən artım və yaranan əlavə maliyyə yükü də bu prosesdə diqqətdə saxlanılmalıdır.

Vüqar Oruc qeyd edib ki, adətən bu istiqamətdə əmək pensiyalarının indeksləşdirilməsi, minimum pensiyanın və minimum əməkhaqqının artırılması, eləcə də sosial müavinətlərin yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu addımlar həm dövlətin sosial siyasətinin göstəricisidir, həm də mövcud iqtisadi reallıqların və qiymət artımlarının vətəndaşların əməkhaqqı, pensiya və müavinətlərində nəzərə alınmasına xidmət edir.

AQC sədri vurğulayıb ki, hazırda artımların konkret məbləğləri açıqlanmadığından yalnız ehtimallar irəli sürmək mümkündür. Onun sözlərinə görə, 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri təxminən 39,2 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılıb. Büdcə xərclərinin təxminən 44 faizinin sosialyönümlü xərclər olduğunu bildirən Vüqar Oruc hesab edir ki, artımlar bu çərçivədə nəzərə alınacaq.

O qeyd edib ki, minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması vətəndaşların real alıcılıq qabiliyyətinin qorunmasına hesablanmalıdır.

Artımların mümkün faizinə toxunan Vüqar Oruc bildirib ki, noyabr və dekabr aylarının göstəriciləri də yekun hesablamalara təsir edəcək. Onun sözlərinə görə, inflyasiya və orta aylıq əməkhaqqı üzrə ilin yekun nəticələri nəzərə alınmaqla artım faizi müəyyənləşdirilə bilər.

AQC sədri təxminən 10 faizlik artımın mövcud göstəricilərə uyğun ola biləcəyini deyib. Bununla yanaşı, 2026-cı ildə bu istiqamətdə artımlar həyata keçirilmədiyi təqdirdə, 2027-ci ildə artım faizinin daha yüksək olması ehtimalını da istisna etməyib.

Vüqar Oruc əlavə edib ki, yekun qərar müvafiq dövlət qurumlarının, xüsusilə Maliyyə Nazirliyinin hesablamaları və təqdim etdiyi göstəricilər əsasında veriləcək. Onun fikrincə, əməkhaqqı, pensiya və müavinətlərdə artımların həyata keçirilməsi vətəndaşların əldə etdiyi gəlirlərə və sosial təminatına təsir göstərəcək.

Minimum əməkhaqqının məbləğinə də toxunan iqtisadçı bildirib ki, onun təxminən 600–650 manat səviyyəsində olması məqsədəuyğun hesab edilə bilər. Bununla belə, o vurğulayıb ki, artımlar dövlət büdcəsi hesabına həyata keçirildiyindən büdcənin maliyyə imkanları da nəzərə alınmalıdır.

Vüqar Orucun sözlərinə görə, yekun təkliflərin 2027-ci ilin ilk aylarında açıqlanması mümkündür. O, yeni məbləğlərin daha əvvəl, hətta 2026-cı ilin sonlarında müəyyənləşdirilərək 2027-ci ilin yanvarından tətbiq olunması ehtimalını da istisna etməyib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki