Təxminən 90 min insanın iştirak etdiyi araşdırmada qırmızı ət istehlakı ilə bağlı diqqətçəkən nəticələr əldə edilib. Ətin tərkibində təbii şəkildə mövcud olan bir molekulu daha çox qəbul edən şəxslərdə 2-ci tip diabetə tutulma riskinin 63 faiz yüksək olduğu müəyyənləşdirilib. Nəticələr gündəlik qida rasionunda ət istehlakının yenidən müzakirəsinə səbəb olub. Türkiyədə adambaşına illik qırmızı ət istehlakının 14,5 kiloqram olduğu hesablanır.
Referans Media xəbər verir ki, Avropa Diabet Araşdırmaları Assosiasiyasının (EASD) Milanda keçirilən konqresində təqdim olunan tədqiqat qırmızı ətlə diabet arasındakı əlaqəyə yeni aspektdən yanaşmağa imkan verib.
Fransada 89 min 953 yetkin insanın qidalanma vərdişləri təxminən 7 il ərzində izlənilib. Tədqiqatın əvvəlində diabet xəstəsi olmayan iştirakçılardan 966-sında müşahidə müddətində 2-ci tip diabet inkişaf edib.
Qırmızı ətin tərkibində olan Neu5Gc molekulunu ən çox qəbul edən şəxslərdə xəstəliyə tutulma riskinin bu molekulu ən az qəbul edənlərlə müqayisədə 63 faiz yüksək olduğu aşkarlanıb.
Tədqiqatın mərkəzində mal və qoyun ətində təbii şəkildə mövcud olan Neu5Gc adlı şəkər törəməsi dayanır. İnsan orqanizmi bu molekulu özü istehsal edə bilmir, o, qida vasitəsilə bədənə daxil olur.
İmmunitet sisteminin həmin molekula qarşı yaratdığı reaksiyanın zamanla xroniki iltihablanmaya səbəb ola biləcəyi, bunun isə insulin mexanizminə mənfi təsir göstərə biləcəyi ehtimal edilir.
Maraqlı məqam ondan ibarətdir ki, eyni molekul süd məhsulları vasitəsilə qəbul edildikdə oxşar diabet əlaqəsi müşahidə olunmayıb.
Lakin tədqiqat müşahidə xarakterli olduğundan qırmızı ətin birbaşa diabetə səbəb olduğu hələ sübut edilməyib.
Araşdırmanın nəticələri Türkiyədə qırmızı ət istehlakını da gündəmə gətirib.
Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qırmızı Ət Vəziyyəti və Proqnozu Hesabatına əsasən, Türkiyədə 2024-cü ildə ümumilikdə 2 milyon 171 min ton qırmızı ət istehlak edilib. Adambaşına illik istehlak 14,5 kiloqram hesablanıb.
Bu göstərici 2020-ci ildə 17 kiloqram olub. Nazirliyin 2025-ci il üçün hazırladığı proqnozda isə adambaşına istehlakın 16,7 kiloqrama yüksələcəyi ehtimal edilib. Lakin sonuncu rəqəm faktiki istehlak göstəricisi deyil, proqnozdur.
Türkiyədə qırmızı ət yalnız sağlamlıq baxımından deyil, istehsal və qiymətlərə görə də gündəmdədir.
Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən açıqlanan son məlumatlara görə, 2025-ci ildə qırmızı ət istehsalı 10,5 faiz azalaraq 1 milyon 885 min tona düşüb. Bunun 1 milyon 313 min tonunu mal, 468 min tonunu isə qoyun əti təşkil edib.
Beləliklə, ətin süfrələrə çatdırılması getdikcə çətinləşdiyi bir vaxtda elmi ictimaiyyətdə onun istehlak miqdarı və sağlamlığa təsirləri də yenidən müzakirə olunur.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də ən çox qırmızı ət istehlak edən qrupda kişilərin gündəlik 97 qram, qadınların isə 73 qram ət yeməsi olub.
Qırmızı ət istehlakı artdıqca 2-ci tip diabet riskinin də yüksəlməsi gündəlik qidalanma vərdişlərinin sağlamlığa təsirini bir daha gündəmə gətirib. Xüsusilə ətdə olan Neu5Gc molekulunun orqanizmdə iltihablanmanı stimullaşdıra və insulin balansına mənfi təsir göstərə biləcəyi ehtimalı üzərində dayanılır.
Ən yüksək istehlak qrupunda diabet riskinin 63 faiz çox olması həddindən artıq qırmızı ət qəbuluna dair xəbərdarlıqları gücləndirib.
Bununla belə, ümumi qırmızı ət istehlakı nəzərə alındıqda Neu5Gc molekulunun müstəqil təsiri qəti şəkildə sübut edilməyib. Nəticələr xüsusilə tez-tez və çox miqdarda qırmızı ət yeyən insanların qidalanma rejimlərini yenidən nəzərdən keçirməli olduğuna işarə edir./Musavat.com
