Tovuzda KamAz mübahisəsi – vətəndaş deyir, “mənimdir”, məmurlar isə əksini söyləyir

Referans Media bildirir ki, Tovuz rayon sakini Məmmədov İlkin Globalinfo.az-a müraciət edərək atasının uzun illər avtomobil məktəbində istifadə etdiyi, daha sonra isə onun istifadəsinə verilən KamAZ markalı avtomobillə bağlı yaranmış problemdən danışıb.

O bildirib ki, atası 1987-ci ilin oktyabrından 2017-ci ilədək avtomobil məktəbində təlimçi-müəllim kimi çalışıb. Həmin KamAZ markalı avtomobildən də uzun müddət istifadə edən atası 2017-ci ildə vəfat edib.

Məmmədov İlkinin sözlərinə görə, atasının vəfatından sonra avtomobili onun xatirəsinə qorumaq və bərpa etmək məqsədilə avtomobil məktəbinin müdiri Azər Zeynalova müraciət edib. Azər Zeynalov isə ona “narahat olma, maşın sənindir” deyərək avtomobili istifadəsinə verib:

“Maşın o vaxt çox pis vəziyyətdə idi. Şəxsi vəsaitimdən təxminən 7 min manat xərcləyərək avtomobili təmir etdirdim, saz vəziyyətə gətirdim və istifadə etməyə başladım. Atam da işlədiyi dövrdə təxminən on il ərzində öz şəxsi büdcəsindən həmin KamAZ-a su çəni almışdı və maaş almadığı müddətdə ailəsini bu iş hesabına dolandırmışdı”.

İlkin Məmmədov qeyd edib ki, təxminən 2-3 il əvvəl avtomobil məktəbinin müdiri Azər müəllim onunla əlaqə saxlayaraq avtomobil məktəbinin fəaliyyətinin dayandırıldığını və avtomobillərin Əmlak Xidmətinə keçirildiyini bildirib. O, avtomobilin taleyi ilə bağlı narahatlığını ifadə etdikdə isə ona “narahat olma” deyilib.

İ.Məmmədov daha sonra Əmlak Xidmətində çalışan Bayram adlı şəxsə də müraciət etdiyini və avtomobil satışa çıxarılacağı halda ona məlumat verilməsini xahiş etdiyini bildirib:

“Dedim ki, maşın satılarsa, mənə müraciət edin. Avtomobili özüm almaq istəyirəm. Çünki illərlə mənim istifadəm olub və təmirinə öz vəsaitimdən ciddi məbləğdə pul xərcləmişəm. Mənə də bildirdilər ki, narahat olmayım, məlumat veriləcək”.

Onun sözlərinə görə, buna baxmayaraq, təxminən bir ay əvvəl avtomobilin Əmlak Xidmətinə aparıldığı və artıq satıldığı barədə məlumat alıb.

“Əmlak Xidmətinin əməkdaşlarına müraciət etdim. Bildirdim ki, əvvəldən sizə müraciət etmişəm, bu maşın uzun müddət mənim istifadəm olub və onu almaq istəyirəm. Mənə dedilər ki, maşının şəkilləri çəkilib, satılmalıdır və onların bu məsələdə edə biləcəkləri heç nə yoxdur”.

Məmmədov İlkin məsələ ilə bağlı polis əməkdaşlarına da müraciət etdiyini bildirib. Onun sözlərinə görə, avtomobilin məhkəmə qərarı olmadan ondan götürülməsi ilə bağlı narahatlığını aidiyyəti şəxslərin diqqətinə çatdırıb.

O hesab edir ki, avtomobilin satışı zamanı onun uzunmüddətli istifadəçi olması, avtomobilin bərpasına şəxsi vəsaitindən təxminən 7 min manat xərcləməsi və avtomobili almaq niyyəti barədə əvvəlcədən aidiyyəti şəxslərə müraciət etməsi nəzərə alınmalı idi.

İlkin Məmmədov məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını istəyir:

“Xahiş edirəm, KamAZ markalı avtomobilin mənim istifadəmə hansı əsasla verildiyi, Əmlak Xidmətinə hansı əsasla keçirildiyi və satış prosesinin qanuniliyinin araşdırılmasına köməklik göstərilsin. Satışdan əvvəl mənim müraciətimin və avtomobili almaq istəyimin nəzərə alınıb-alınmadığı müəyyən edilsin”.

kamaz 1 scaled

O həmçinin avtomobilin satışında hər hansı qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə, satışın nəticələrinin aradan qaldırılması və avtomobili qanunvericiliyə uyğun şəkildə özü tərəfindən almaq imkanının yaradılmasını istəyir.

“Bu avtomobilə mənim həm maddi, həm də mənəvi bağlılığım var. Ən əsası isə atam həmin maşınla uzun illər çalışıb. Mən də onu atamın xatirəsi kimi qoruyub saxlamışam. Bundan başqa, 5 uşağım var və onların büdcəsindən kəsib o maşını təmir etdirmişəm”, – deyə İlkin Məmmədov bildirib.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin müdiri Etimad Əliyevlə əlaqə saxladıq.

O, avtomobilin satılmadığını bildirdi:

“Söhbət qəzalı vəziyyətdə olan, tam yararsız və utilizasiyaya göndərilməli avtomobildən gedir. Belə avtomobil dövlətindirsə, onun sonradan üzərində hər hansı konstruksiya dəyişikliyi aparılaraq, məsələn, çən və ya digər avadanlıq quraşdırılaraq istifadəyə verilməsi ciddi suallar doğurur. Əgər avtomobil tam yararsız hesab edilibsə və dövlət qeydiyyatından çıxarılıbsa, onun heç bir sənədləşmə aparılmadan yenidən yola buraxılması qanuni baxımdan mümkün deyil. Avtomobilin mühərrik nömrəsi, kuzov nömrəsi və digər texniki göstəriciləri də ayrıca məsələdir. Belə bir avtomobil yola çıxarsa və hər hansı hadisə baş verərsə, məsuliyyət məsələsi də ortaya çıxacaq. Çünki söhbət artıq texniki və hüquqi baxımdan istismara yararlı hesab edilməyən nəqliyyat vasitəsindən gedir”.

E.Əliyev vətəndaşın xərclədiyi ödənişin dövlət tərəfindən geri qaytarılmayacağını bildirib:

“Avtomobilə quraşdırdığı çən və ya digər təmirə görə ödədiyi pula görə İlkin bəyə dövlət kompensasiya ödəməyəcək. Utilizasiyaya göndərilməsi nəzərdə tutulan belə nəqliyyat vasitələri adətən sökülür, metal kimi təhvil verilir və qeydiyyat məsələləri də bununla əlaqədar həll olunur. Sual verirəm: tam yararsız və qeydiyyatdan çıxarılmış avtomobil hansı hüquqi əsasla yenidən yığılıb, üzərinə əlavə avadanlıq quraşdırılaraq istifadəyə verilə bilər? Əgər bunun üçün müvafiq sənədlər və icazələr yoxdursa, həmin nəqliyyat vasitəsinin yola çıxmasının hüquqi əsası da şübhə altına düşür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki