ABŞ ilə İran arasında son günlər artan gərginlik yeni mərhələyə qədəm qoyub. Vaşinqton Tehranı iqtisadi baxımdan sıxışdırmaq məqsədilə genişmiqyaslı sanksiyalar tətbiq edərkən, İrandan gələn açıqlamalar vəziyyətin hərbi qarşıdurmaya çevrilə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Referans Media xəbər verir ki, ABŞ İranın maliyyə, neft, texnologiya, qızıl, aviasiya və dənizçilik sektorlarını hədəf alan yeni sanksiya paketini qüvvəyə mindirib. Təxminən 60 qurum, şəxs və gəminin qara siyahıya salındığı bildirilib.
ABŞ Xəzinə naziri Skott Bessent yeni tədbirləri “İqtisadi sürgün” əməliyyatı kimi xarakterizə edib. Vaşinqtonun İranın maliyyə şəbəkələrini tamamilə sıxışdırmaq niyyətində olduğu vurğulanıb. Bessent İranın pul köçürmələrinə və maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq üçün daha sərt addımlar atılacağını bildirib. ABŞ rəsmiləri sanksiyalardan yayınmağa kömək edən xarici qurumların da hədəfə alınacağını açıqlayıb.
Gərginliyi daha da artıran açıqlama ABŞ müdafiə naziri Pit Heqsetdən gəlib. O, İranın ABŞ ordusuna qarşı addım atacağı təqdirdə Vaşinqtonun “kinetik hücumlardan” çəkinməyəcəyini bildirib. Heqset həmçinin Hörmüz boğazının nəzarətinin ABŞ-ın əlində olduğunu iddia edib. Bu açıqlama xüsusilə diqqət çəkib. Çünki Hürmüz boğazı dünya enerji ticarətinin ən mühüm marşrutlarından biri hesab olunur.
ABŞ-ın yeni sanksiyalarına Tehrandan sərt reaksiya gəlib. İran iqtisadiyyat naziri Əli Mədənizadə Vaşinqtonun addımlarını “iqtisadi terror hücumu” adlandırıb. İran tərəfi bundan sonra yalnız müdafiə mövqeyində qalmayacağı mesajını verib. Tehranın açıqlamalarında ABŞ-ın həyati maraqlarının və bölgədəki strateji obyektlərin hədəfə alına biləcəyi barədə xəbərdarlıq edilib. İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü briqada generalı Hüseyn Möhebbinin sözlərinə görə, İranın infrastrukturuna hücum ediləcəyi təqdirdə ABŞ-ın həyati maraqlarına və qlobal enerji marşrutlarına ağır zərbələr endirilə bilər.
Tərəflər arasında gərginliyin əsas məqamlarından biri Hörmüz boğazıdır. Bölgədə mümkün hərbi qarşıdurmanın enerji daşımalarına və qlobal neft bazarına ciddi təsir göstərə biləcəyi bildirilir. ABŞ və İran arasında qarşılıqlı təhdidlərin artması regionda yeni eskalasiya ehtimalını gündəmə gətirib. Xüsusilə enerji infrastrukturlarının hədəfə alınması ssenarisi beynəlxalq narahatlığı artırır.
Gərginliyin daha da yüksəlməsinin qarşısını almaq üçün Pakistan vasitəçilik təşəbbüsü ilə çıxış edib. Pakistanın yüksək səviyyəli rəsmilərinin ABŞ və İran arasında təmaslar apardığı bildirilib. Danışıqlarda əsas məqsəd qarşıdurmanın genişlənməsinin qarşısını almaq, Hörmüz boğazının dünya ticarəti üçün açıq qalmasını təmin etmək və münaqişənin diplomatik yolla həllinə nail olmaqdır. Hazırda ABŞ və İran arasında qarşılıqlı sərt bəyanatlar davam edir. Beynəlxalq ictimaiyyət isə tərəflərin növbəti addımını və gərginliyin hərbi qarşıdurmaya çevrilib-çevrilməyəcəyini diqqətlə izləyir.
