İstanbulun Beylikdüzü rayonunda səhər saatlarında işə getmək üçün skuterlə evdən çıxan 18 yaşlı Tülin Şık dəhşətli qəzaya düşüb. Piyada keçidindən keçərkən mikroavtobusun vurduğu gənc qız ağır yaralanıb. Tülinin bir həftədir reanimasiyada müalicə aldığı bildirilir.
Referans Media xəbər verir ki, hadisə avqustun 18-də saat 07:30 radələrində Yakuplu məhəlləsində, Hürriyyət bulvarında baş verib. İşə skuterlə gedən Tülin Şık yolu piyada keçidindən keçmək istəyərkən İsmail D.-nin idarə etdiyi mikroavtobus ona çırpılıb. Güclü zərbənin təsirindən yola düşən gənc qız ağır xəsarət alıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıb. İlk tibbi yardım göstərildikdən sonra Tülin xəstəxanaya çatdırılıb.
Qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 18 yaşlı Tülin Şıkın müalicəsi davam edir. Gənc qızın artıq bir həftədir reanimasiya şöbəsində olduğu bildirilib. Ailəsi və yaxınları Tülinin vəziyyətindən xəbər gözləyərkən, qəzanın bütün detalları ilə bağlı araşdırma aparılır. Qəzadan sonra saxlanılan servis mikroavtobusu sürücüsü İsmail D. polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilib. Məhkəmə sürücünün məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.
Hadisə yaxınlıqdakı obyektlərdən birinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Görüntülərdə Tülin Şıkın skuterlə piyada keçidindən keçməyə çalışdığı, həmin anda servis mikroavtobusunun ona çırpıldığı və gənc qızın zərbənin təsirindən yola düşdüyü görünür.
Hadisə ilə bağlı araşdırma davam edir.
