ABŞ İrana qarşı son kartını göstərdi! Hərbi əməliyyat ehtimalı açıq saxlanıldı

ABŞ ilə İran arasında iqtisadi qarşıdurma fonunda gərginlik daha da yüksəlib. ABŞ müdafiə naziri Pit Heqset Vaşinqtonun İrana qarşı hərbi variantı masadan götürmədiyini açıqlayıb. O, lazım gələrsə Hörmüz boğazında və İran ətrafında yeni hərbi əməliyyatların keçirilə biləcəyini bildirib.

Referans Media xəbər verir ki, Pit Heqset Viskonsin ştatının Oşkoş şəhərində müdafiə sənayesi nümayəndələri ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırıb.

ABŞ müdafiə naziri İrana qarşı iqtisadi təzyiqlərin artırıldığı bir vaxtda hərbi seçimin də qüvvədə qaldığını vurğulayıb. Heqsetin sözlərinə görə, Vaşinqton Hörmüz boğazında və ya İran ətrafında yenidən hərbi zərbələr endirmək imkanını istisna etmir. ABŞ-ın İrana qarşı hərbi əməliyyatları dayandırıb-dayandırmadığı ilə bağlı suala cavab verən Heqset açıq şəkildə xəbərdarlıq edib.

O bildirib ki, Hörmüz boğazının istənilən nöqtəsində və ya İran ətrafında “kinetik hücumlar” həyata keçirmək variantı açıq qalır. ABŞ müdafiə naziri İranın ABŞ ordusu ilə qarşıdurmaya girməsinin ciddi nəticələrə səbəb ola biləcəyini deyib. Heqset ABŞ ordusunun lazım gəldiyi təqdirdə yenidən hərəkətə keçməyə hazır olduğunu vurğulayıb.

Heqsetin açıqlamalarında Hörmüz boğazı xüsusi yer tutub. ABŞ müdafiə naziri strateji su yolunda nəzarətin Vaşinqtonun əlində olduğunu iddia edib. Onun sözlərinə görə, İran Hörmüz boğazında öz imkanları ilə hərəkət edə bilmir, ABŞ isə bölgədə hərbi üstünlüyə malikdir. Heqset həmçinin dünya iqtisadiyyatının boğazın əhəmiyyətindən xəbərdar olduğunu bildirib.

ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyaları və Vaşinqtondan gələn hərbi açıqlamalar Tehranla münasibətlərdə gərginliyi daha da artırıb. Xüsusilə Hörmüz boğazının mümkün qarşıdurmanın mərkəzinə çevrilməsi enerji bazarları və qlobal ticarətlə bağlı narahatlıqları gücləndirib. ABŞ Prezidenti Donald Tramp da daha əvvəl Hörmüz boğazında ABŞ-ın hərbi mövqeyinə və bölgədən keçən gəmilərə nəzarət imkanlarına diqqət çəkən açıqlamalar vermişdi.

Hazırda tərəflər arasında iqtisadi və siyasi qarşıdurma davam edərkən, Vaşinqtonun hərbi variantı açıq saxlaması bölgədə yeni eskalasiya riskini gündəmə gətirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki