Arda Güler Vinisiusu əsəbiləşdirdi! Braziliyalı ulduzdan gözlənilməz reaksiya

İspaniya La Liqasının ikinci turunda Arda Gülerin çıxış etdiyi Real Madrid səfərdə Espanyol üzərində 2:1 hesablı qələbə qazanıb. Qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalan Arda Güler meydanda Vinícius Júniorun reaksiyasına da səbəb olub.

Referans Media xəbər verir ki, Real Madrid səfərdə Espanyolu 2:1 hesabı ilə məğlub edərək vacib 3 xalı aktivinə yazdırıb. Madrid təmsilçisinin qollarını Cude Bellinqem və Karlos Espi vurub.

Bellinqemin qolunda əsas pay sahiblərindən biri isə Arda Güler olub. Türkiyə millisinin üzvü komanda yoldaşına məhsuldar ötürmə verərək qolun hazırlanmasında mühüm rol oynayıb.

Qarşılaşmanın ən çox diqqət çəkən anlarından biri isə Arda Güler və Vinisius Junior arasında yaşanıb.

Meydandakı epizodların birində Ardanın ona ötürmə verməməsindən narazı qalan braziliyalı ulduz futbolçu türkiyəli oyunçuya etiraz edib. Vinisiusun Ardaya “Arda! Bir dəfə də bu pası mənə at. Həmişə eyni şeyi edirsən...” dediyi bildirilib.

İki futbolçu arasında yaşanan bu dialoq qarşılaşmanı izləyənlərin diqqətindən yayınmayıb. Vinisiusun Arda Gülerə reaksiyasının yer aldığı görüntülər sosial mediada geniş yayılıb.

Arda Güler isə qarşılaşmanı məhsuldar ötürmə ilə başa vuraraq Real Madridin 2:1 hesablı qələbəsinə töhfə verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki