Rusiyanın ən yoxsul regionlarından biri sayılan Qaraçay-Çərkəzi 15 ildir Dövlət Dumasında təmsil edən “Vahid Rusiya” deputatı Mixail Starşinovun ailəsi ilə əlaqələndirilən milyardlarla rublluq daşınmaz əmlak aşkarlanıb.
Referans Media xəbər verir ki, Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmasına görə, deputatın rəsmi əmlak bəyannaməsi ilə faktiki istifadə etdiyi sərvət arasında böyük fərq var.
Rəsmi məlumatlarda Starşinovun Moskvada cəmi 42 kvadratmetrlik mənzilə sahib olduğu, hətta avtomobilinin olmadığı göstərilir. Lakin araşdırmaçılar onun iki övladının anası olan İrina Fominanın adına Moskvada Povarskaya küçəsində ümumi dəyəri təxminən 500 milyon rubl olan dörd mənzil, Rublyovkada 2 milyard rublluq malikanə olduğunu müəyyənləşdiriblər.
Fominanın İtaliyanın məşhur Komo gölü sahilində də daşınmaz əmlakı olduğu bildirilir. Buraya kommersiya obyekti, mənzil və sahəsi 547 kvadratmetr olan villa daxildir. Bu əmlakların ümumi dəyəri 5,5 milyon avrodan çox qiymətləndirilir.
Onun adına həmçinin “Maybach” və “Mercedes-Benz G-Class” avtomobilləri rəsmiləşdirilib. Araşdırmaya görə, sığorta sənədlərində həmin avtomobillərin sürücülərindən biri kimi Starşinovun özünün adı mütəmadi göstərilir.
FBK daha bir maraqlı məqama diqqət çəkir. Starşinovun təmsil etdiyi Qaraçay-Çərkəzdə heç vaxt yaşamadığı bildirilir. O, 2011-ci ildən Dövlət Dumasına Rusiyada “parovoz” adlandırılan seçki sxemi ilə düşür: respublika rəhbəri Rəşid Temrezov partiya siyahısına başçılıq edir, seçkidən sonra mandatdan imtina edir və yer Starşinova keçir.
Məsələyə xüsusi rəng qatan isə deputatın Dövlət Dumasındakı hazırkı vəzifəsidir: milyardlarla rublluq gizli sərvətlə əlaqələndirilən Starşinov Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavinidir./Musavat.com/
