Ukrayna üzrə danışıqları artıq o aparacaq

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff ABŞ, Rusiya və Ukrayna arasında aparılan danışıqlarda daha böyük rol oynamağa hazırlaşır.

Referans Media  Financial Times-a istinadən xəbər verir ki, Donald Tramp administrasiyası Stiv Uitkoff və Cared Kuşnerin prosesdə iştirakını azaltmaq imkanını nəzərdən keçirir.

Bununla belə, Tramp hələ yekun qərar verməyib və Uitkoff Retkliff ilə birlikdə danışıqlar prosesində iştirakını davam etdirə bilər.

Potensial dəyişikliklər ABŞ diplomatiyasının dalana dirəndiyi bir vaxtda gündəmə gəlib. Uitkoff və Kuşnerin yaxın vaxtlarda Moskva və Kiyevə səfərləri də yeni təşəbbüslərin ortaya çıxmasına səbəb olmayıb. Buna əsas səbəblərdən biri kimi Rusiya Prezidenti Vladimir Putinin tələblərini yumşaltmağa ciddi maraq göstərməməsi göstərilir.

Mənbələrdən biri bildirib ki, “bu problemi yalnız ayrı-ayrı səfərlərlə həll etmək mümkün deyil”. Onun sözlərinə görə, münaqişənin həlli üçün sistemli və davamlı diplomatik fəaliyyət lazımdır.

Avropanın bir sıra paytaxtları Retkliffin prosesdə daha fəal rol almasını müsbət qarşılayır. Buna səbəb onların Uitkoffun qeyri-ənənəvi yanaşmasından narazı olmasıdır.

Ukrayna da danışıqlarda kimin iştirak etməsindən asılı olmayaraq əməkdaşlığa hazır olduğunu açıqlayıb.

“Biz [Retkliff] ilə də, Cared və Stivlə də razıyıq. Problem ruslardadır”, – Kiyev bildirib.

Ukrayna tərəfi hesab edir ki, Uitkoff Putinə kifayət qədər təzyiq göstərməyib. Moskva isə Alyaska görüşünün nəticəsiz qalmasına görə qismən Uitkoffu günahlandırıb.

Bu arada Cared Kuşner yaxınlarına Ukrayna məsələsi əvəzinə Qəzza və ABŞ, İsrail və İran arasındakı münaqişəyə diqqət ayırmaq istədiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki