İranda benzinin bahalaşmasının Azərbaycana bu təsirləri ola bilər

İran hökuməti güzəştli kateqoriyaya aid olmayan benzinin qiymətini iki dəfə bahalaşdırıb.

Referans Media xəbər verir ki bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb. Məlumata əsasən, sentyabrın 8-dən etibarən üçüncü tarif üzrə benzinin bir litrinin qiyməti 10 000 tümən (0.012397 manat - red.) təşkil edir.

Bildirilir ki, ilk iki tarifdə heç bir dəyişiklik edilməyib və müvafiq olaraq 1 500 (0.00186 manat - red.) və 3 000 tümən (0.003719 manat - red.) səviyyəsində saxlanılıb. Üçüncü tarif isə yanacaq kartındakı ilk iki limit bitdikdən sonra benzinin satıldığı limitdən kənar tarifdir.

İranda benzinin qiymətində iki qat artımın Azərbaycana hansı təsirləri ola bilər?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, İranda benzinin üçüncü tarif üzrə qiymətinin iki dəfə artırılması ilk baxışda yalnız İranın daxili iqtisadi qərarı kimi görünür. Lakin indiki regional vəziyyətdə bunun Azərbaycan üçün də dolayı və müəyyən hallarda birbaşa nəticələri ola bilər: “Xüsusilə İranın yanacaq qıtlığı, yüksək inflyasiya və müharibə şəraitində olması məsələnin əhəmiyyətini artırır. Əsas risk benzinin öz qiymətindən daha çox İran iqtisadiyyatında yeni inflyasiya dalğasının yaranmasıdır. Benzin nəqliyyat xərclərinin əsas komponentidir. Onun bahalaşması yükdaşımalara, ərzaq qiymətlərinə, kənd təsərrüfatı məhsullarına, xidmətlərə, sərnişindaşımaya təzyiq göstərə və qiymət artımını tətikləyə bilər. Azərbaycan məhsullarının İrana daşınması və ya İranın digər mallarının Azərbaycana gətirilməsi zamanı nəqliyyat xərclərinin artması mümkündür”.

Professor onu da qeyd edib ki, Azərbaycan enerji ixracatçısıdır və buna görə İranın daxili benzin qiymətinin artması Azərbaycanın enerji təminatında birbaşa problem yaratmır: “Əksinə, əgər İranın yanacaq çatışmazlığı dərinləşərsə, Azərbaycan regionda enerji və logistika baxımından daha sabit tərəfdaş mövqeyini gücləndirə bilər. Bu vəziyyət Azərbaycanın regiondakı enerji rolunu nisbi olaraq daha da önə çıxara bilər”./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki