image-kargo-turkiyebackend

Türkiyədə gömrüksüz alış-veriş dövrü başa çatdı: 30 avro limiti ləğv edildi

Türkiyədə xaricdən gömrüksüz alış-veriş dövrü rəsmi olaraq sona çatıb. Poçt və kuryer vasitəsilə edilən xarici alış-verişlərdə tətbiq olunan 30 avroluq limit aradan qaldırılıb.

Referans Media xəbər verir ki, 7 yanvar 2026-cı il tarixli “Rəsmi Qəzet”də dərc olunan Prezident qərarına əsasən, gömrüksüz alış-verişlə bağlı mövcud istisna ləğv edilib. Qərarla, 4458 saylı Gömrük haqqında qanunun tətbiqi ilə bağlı normativ aktın 126-cı maddəsinin birinci hissəsi qüvvədən düşüb. Həmin maddə xaricdən 30 avroya qədər olan malların poçt və ya kuryer yolu ilə gömrüksüz gətirilməsinə imkan verirdi.

Qərar 30 gün sonra qüvvəyə minəcək. İstisna aradan qaldırıldıqdan sonra xaricdən mal gətirmək istəyən şəxslər gömrük brokeri (müşavirliyi) xidmətindən istifadə etməli olacaqlar.

Məsələn, xarici e-ticarət saytından 29 avroya alınan bir məhsula 2 avro kargo haqqı əlavə edildikdə, ümumi məbləğ 31 avro təşkil edirdi. Yeni tənzimləməyə görə bu məbləğ limitdən artıq sayıldığı üçün məhsul artıq gömrük prosedurlarına və gömrük müşavirliyi xidmətinə tabe olur.

Qeyd edək ki, internet üzərindən xaricdən gömrüksüz alış-verişin tamamilə ləğv ediləcəyi ilə bağlı iddialar daha əvvəl də gündəmə gəlmişdi. Avropa İttifaqı da bu sahədə mövcud olan 150 avroluq gömrük güzəştini 2028-ci ilə qədər ləğv etməyi planlaşdırır. Türkiyədə isə Ticarət Nazirliyinin qiymətləndirməsindən sonra 30 avroluq onlayn gömrüksüz alış-veriş limitinin sıfırlanacağı bildirilirdi.

Xatırladaq ki, 6 avqust 2024-cü ildən qüvvəyə minən qərarla fərdi qaydada xaricdən gətirilən məhsullar üçün gömrük limiti 150 avrodan 30 avroya endirilmişdi. 2024-cü ilin dekabrında qəbul edilən yeni qərarla isə kargo xərcləri də bu məbləğə daxil edilmiş, faktiki limit 27 avroya salınmış və hər sifariş üçün 3 avro kargo haqqı tətbiq olunmuşdu.

Hazırkı qaydalara əsasən, sürətli kargo və ya poçt vasitəsilə Türkiyəyə göndərilən, kommersiya xarakteri daşımayan məhsullar Avropa İttifaqı ölkələrindən gətirildikdə 30 faiz, digər ölkələrdən gətirildikdə isə 60 faiz gömrük rüsumuna cəlb olunur. Bundan əlavə, bəzi məhsullar üçün 4760 saylı Xüsusi İstehlak Vergisi (ÖTV) Qanununa əsasən 20 faiz həcmində sabit vergi tətbiq edilir.

27 dekabr 2024-cü il tarixli “Rəsmi Qəzet”də dərc olunan son tənzimləmə ilə birlikdə, xaricdən sifariş edilən məhsulların dəyərinə kargo xərcləri də rəsmi şəkildə daxil edilib. Məhsulun ümumi dəyəri 30 avronu keçdiyi halda, gömrük prosedurlarının aparılması üçün mütləq gömrük müşavirliyi xidməti alınmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki