Türkmənistan Xarici İşlər Nazirliyi Ukraynanın “FreedDom” telekanalını ölkə haqqında qərəzli və əsassız məlumat yaymaqda ittiham edib.
Bu barədə məlumatı Türkmənistan XİN rəsmi bəyanat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, iyulun 8-də telekanalda Türkmənistanın guya internetə çıxış baxımından qapalı ölkə olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar səsləndirilib.
“Türkmən tərəfi bu cür qərəzli və dezinformasiya xarakterli çıxışlara qəti şəkildə etiraz edir. Bu xəbərdarlığı nəzərə alaraq bir daha buna bənzər halların baş verməyəciyinə ümid edirik.”, – deyə bəyanatda bildirilir.
Bundan əlavə, XİN “FreedDom” telekanalının müasir Türkmənistan barədə real təsəvvürə malik olmadığını və bu cür saxta məlumatların yayılmasının artıq ilk dəfə baş vermədiyini vurğulayıb.
Nazirlik həmçinin bu informasiyanın Türkmənistanın Ukrayna xalqına uzun illər ərzində göstərdiyi iqtisadi və humanitar dəstəyə zidd olduğunu bildirib.
Qeyd edək ki, ötən ilin oktyabrında Türkmənistanın “Türkmənqaz” şirkəti Rusiya ilə qaz qiymətləri üzrə razılığa gələ bilmədiyindən “Qazprom”a qaz nəqlini dayandırıb. Şirkət rəhbəri Maksat Babayevin sözlərinə görə, 30 iyun 2024-cü ilədək qiymətlərə yenidən baxılması planlaşdırılsa da, nəticə əldə olunmayıb və müqavilə uzadılmayıb./Globalinfo.az