Qazaxıstan Prezidenti Kasım Cömert Tokayevin ev sahibliyi ilə Türküstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə hazırlıqlar tamamlanıb. “Süni intellekt və rəqəmsal inkişaf” mövzusuna həsr olunan sammitdə türk dövlətləri arasında texnologiya və rəqəmsal əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Türk Dünyasının mənəvi paytaxtı hesab olunan Türküstan şəhərinin əsas küçə və meydanları iştirakçı ölkələrin bayraqları ilə bəzədilib.
Zirvədə Recep Tayyip Erdoğan, İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov və Tufan Erhürmanin iştirak edəcəyi gözlənilir.
Təxminən iki min illik tarixə malik Türküstanda sammit üçün Qazax milli çadırını xatırladan xüsusi memarlıq kompleksi də inşa olunub. Zirvənin türk dövlətləri arasında birlik və əməkdaşlığı daha da gücləndirəcəyi bildirilir.
