İtaliyanın Kastelfidardo qəsəbəsində 9 yaşlı uşağın süni intellekt vasitəsilə hazırladığı foto polis və yanğınsöndürmə xidmətlərini hərəkətə keçirib. Tualetdən böyük pitonun çıxdığını əks etdirən görüntüyə inanan əməkdaşlar iki gün ərzində evdə və ətraf ərazidə axtarış aparıblar. Lakin sonradan məlum olub ki, fotodakı ilan əslində mövcud deyil.
Referans Media xəbər verir ki, hadisə Ankona şəhəri yaxınlığındakı Kastelfidardo qəsəbəsində baş verib. Dostuna qonaq gedən 9 yaşlı uşaq evin hamamında tualetin fotosunu çəkib, daha sonra süni intellekt tətbiqindən istifadə edərək görüntüyə unitazdan çıxan iri piton əlavə edib.
Uşaq hazırladığı fotonu evdəki böyüklərə göstərərək tualetdən ilan çıxdığını deyib. Şəklin həqiqi olduğuna inanan şəxslər saat 20:00 radələrində yanğınsöndürmə xidmətinə müraciət ediblər.
İhbar əsasında yaxınlıqdakı Osimo şəhərindən yanğınsöndürmə əməkdaşları hadisə yerinə gəliblər. Əvvəlcə hamam, daha sonra evin digər otaqları yoxlanılıb. Lakin axtarışlar zamanı ilana rast gəlinməyib. Pitonun açıq pəncərədən qaçmış və ya divarlardakı boşluqlarda gizlənmiş ola biləcəyi ehtimalı da nəzərdən keçirilib. İlan tapılmadığı üçün axtarışlar növbəti gün də davam etdirilib.
İkinci gün axtarışlara İtaliyanın Karabinieri Meşə Polisi strukturuna daxil olan, qorunan və ekzotik heyvanlarla bağlı məsələlərlə məşğul olan CITES bölməsi də cəlb edilib. Əməkdaşlar uşağın telefonundakı ilkin fotonu yoxladıqdan sonra pitonun görüntüyə sonradan əlavə edildiyini müəyyənləşdiriblər. Beləliklə, iki gün davam edən axtarışların əslində mövcud olmayan ilanla bağlı olduğu üzə çıxıb.
Əməkdaşların suallarından sonra 9 yaşlı uşaq fotonu süni intellekt tətbiqi ilə hazırladığını etiraf edib. O, dostuna zarafat etmək istədiyini, lakin hadisənin bu qədər böyüyəcəyini gözləmədiyini bildirib. Uşaq həqiqəti açıqladıqdan sonra əməkdaşlardan üzr istəyib. İtaliyada 14 yaşdan kiçik uşaqların cinayət məsuliyyəti daşımaması səbəbindən hadisə ilə bağlı ona qarşı cinayət tədbiri görülməyib.
Marşe Politexnik Universitetinin Süni İntellekt şöbəsinin direktoru Paolo Klini hadisənin süni intellektlə yaradılan görüntülərin yarada biləcəyi problemləri göstərdiyini bildirib. Onun sözlərinə görə, 9 yaşlı uşağın hazırladığı bir foto təhlükəsizlik xidmətlərinin iki gün ərzində məşğul olmasına səbəb olub. Klini görüntüdə şübhə doğuran bulanıq detalların olduğunu da qeyd edib.
Mütəxəssis uşaqların bu cür tətbiqlərdən istifadəsinə və süni intellektlə yaradılan saxta görüntülərin tanınmasına diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O, məktəblərdə bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasına çağırış edib.
