Bakıda avtobus zolaqlarının yaradılmasının əsas məqsədi ictimai nəqliyyatın ümumi tıxacda qalmamasını, avtobusların daha sürətli və stabil intervalla hərəkət etməsini təmin etməkdir
Referans Media xəbər verir ki, mövzu ilə bağlı Ajans.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev qeyd edib ki, sürücülər ilk növbədə avtobus zolağının adi hərəkət zolağı olmadığını anlamalı və ondan tıxacdan yayınmaq məqsədilə istifadə etməməlidirlər.
Ekspertin sözlərinə görə, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır.
Bununla yanaşı, qanunda müəyyən istisnalar da nəzərdə tutulur. Avtobus zolağı digər hərəkət hissəsindən qırıq-qırıq nişanlanma xətti ilə ayrılıbsa, sürücü dönmə manevrini həyata keçirmək üçün həmin hissədə zolağa keçə bilər. Eyni zamanda, belə zolaqlardan yola daxil olarkən və yolun sağ kənarında sərnişinin minib-düşməsi məqsədilə istifadə edilməsinə də icazə verilə bilər. Lakin əsas şərt odur ki, bu zaman ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradılmasın.
AYNA da yolayrıclarında sağa dönən sürücülərin xüsusi zolaqla hərəkət edən avtobuslara yol verməli olduğunu vurğulayır.
Adil Nəbiyev qeyd edir ki, sürücülərin avtobus zolaqları ilə bağlı ən çox yol verdiyi yanlış yanaşmalardan biri “cəmi 50–100 metr gedəcəyəm”, “bir neçə saniyəlik zolağa girdim” və ya “tıxacdan çıxıb qabaqda yenidən öz zolağıma qayıdacağam” düşüncəsidir. Halbuki qanun avtobus zolağından qanunsuz istifadəyə həmin zolaqda neçə saniyə və ya neçə metr hərəkət edilməsi meyarı ilə yanaşmır. Burada əsas məsələ zolağa hansı məqsədlə daxil olmaq və bunu yol nişanlanmasının hansı hissəsində etməkdir.
Ekspertin izahına görə, qırıq xəttin başladığı yerdə qarşıdakı yolayrıcında sağa dönmək üçün zolağa keçmək ilə bütöv xətti keçərək avtobus zolağında irəliləmək və tıxacda olan avtomobilləri ötmək eyni hal deyil. Sürücünün dönmə nöqtəsinə xeyli qalmış avtobus zolağına daxil olaraq uzun məsafə həmin zolaqla hərəkət etməsi də qaydanın pozulması hesab oluna bilər. Sürücü yalnız həyata keçirdiyi manevrin tələb etdiyi və nişanlanmanın buna imkan verdiyi hissədən istifadə etməlidir.
Digər geniş yayılmış səhvlərdən biri isə avtobus zolağında avtomobili saxlayaraq sərnişin mindirib-düşürməkdir. “Cəmi bir dəqiqədir” yanaşması belə hallarda əsaslandırma hesab olunmur. Bakı küçələrinin bir hissəsində minik avtomobillərinin sərnişin mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılıb. AYNA-nın mövqeyinə görə, həmin ərazilərdə sərnişinlərin minib-düşməsi mümkün qədər qısa müddətdə həyata keçirilməli, avtobusların hərəkətinə şərait yaradılmalı və təhlükəsizlik qaydalarına əməl olunmalıdır.
Adil Nəbiyev hesab edir ki, sürücülərin avtobus zolaqları ilə bağlı əsas problemi onun funksiyasını düzgün anlamamasıdır. Sürücü zolağın boş olduğunu gördükdə onu əlavə hərəkət zolağı kimi qəbul edir və digər zolaqlarda tıxac olduğu halda qısa müddətə istifadə edə biləcəyini düşünür.
Halbuki avtobus zolağının boş qalması onun səmərəsiz olması demək deyil. Əksinə, bu zolağın əsas məqsədi çoxsaylı sərnişin daşıyan avtobusların ümumi nəqliyyat axınından daha maneəsiz hərəkət etməsini təmin etməkdir. Bir neçə fərdi avtomobilin belə qanunsuz şəkildə avtobus zolağına daxil olması, xüsusilə yolayrıclarında dayanması və ya növbə yaratması bütöv avtobus xəttinin hərəkət sürətinə təsir göstərə bilər.
Ekspert sürücülərə avtobus zolağına daxil olmamışdan əvvəl 5.9 və digər müvafiq yol nişanlarına, bütöv və ya qırıq nişanlanma xəttinə, dönmə istiqamətinə və ərazidəki əlavə lövhələrə diqqət yetirməyi tövsiyə edir.
Onun sözlərinə görə, əsas prinsip ondan ibarətdir ki, avtobus zolağı şəxsi avtomobillər üçün tıxacdan yayınma vasitəsi deyil. Həmin zolağa yalnız yol nişanları və nişanlanma xətlərinin icazə verdiyi konkret manevr və hallarda keçmək mümkündür. Bu zaman isə ictimai nəqliyyatın hərəkətinə maneə yaradılmamalıdır.
