Xəzər geri çəkilir, sahildə çirkab, Bakı buxtasında qara ləkələr: SOS

Xəzər dənizinin sahilində fəaliyyət göstərən restoranlar, hotellər, istirahət mərkəzləri və digər obyektlərin çirkab sularının idarə olunması məsələsi ekoloji baxımdan ciddi əhəmiyyət daşıyır. Sahilboyu obyektlərin təmizləyici qurğularla təmin olunması, bu qurğuların nə dərəcədə işlək vəziyyətdə saxlanılması və çirkab sularının dənizə axıdılmasına nəzarət diqqət çəkən məsələlərdəndir. Təmizlənməmiş suların dənizə düşməsi həm suyun keyfiyyətinə, həm dəniz canlılarına, həm də insanların sağlamlığına təhlükə yarada bilər.

Eyni zamanda Bulvar istiqamətində suyun vəziyyəti də ciddi narahatlıq doğurur. Dənizdən gələn kəskin və xoşagəlməz qoxu, suyun səthində müşahidə olunan qapqara, mazutu xatırladan görüntü ərazidə ekoloji vəziyyətlə bağlı suallar yaradır. Dənizin sahilində insanların istirahət etdiyi, gəzintiyə çıxdığı ərazidə belə mənzərənin yaranması problemin nə dərəcədə ciddi olduğunu göstərir.


Xəzər Elmi-Tədqiqat və İnformasiya Mərkəzinin rəhbəri, coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, sahilboyu obyektlərin çirkab sularının təmizlənməsi və buna nəzarət məsələsi müvafiq dövlət qurumlarının səlahiyyətinə daxildir:“Dənizin sahilboyu ərazilərdə çirklənməsi, bu, bir tərəfdən həmin ərazilərdə fəaliyyət göstərən müxtəlif obyektlərin dənizə axıtdığı tullantılarla bağlıdır. Digər tərəfdən, sahilboyu ərazilərin yüz ildən çox əvvəl neft və çirkab sularla çirkləndirilməsi, həmin tullantıların dənizin dibinə və torpağa hopması da bu problemin səbəblərindəndir.

Bakı buxtasında bəzən neft təbəqəsi ilə örtülmüş su görürük. Lakin bu, mütləq hazırda həmin əraziyə neft axıdıldığı anlamına gəlmir. İlk növbədə, yüz ildən çox əvvəl sahildə, bulvar zonasında yerləşən çoxsaylı neft emalı müəssisələrinin çirkab neft və tullantıları birbaşa buxtaya axıdılıb, torpağa hopub. Həmin çirklənmənin təbii yollarla təmizlənməsi uzun müddət tələb edir. Dalğalanma baş verdikdə dibdəki çirkab maddələr suyun səthinə qalxır və bu, özünü büruzə verir. Eyni zamanda, sahildə yerləşən məişət obyektlərindən də çirkab sular dənizə yönəldilir və əksər hallarda təmizlənmədən axıdılır. Əgər yadınızdadırsa, 30-40 il əvvəl sahilboyu ərazilərdə çoxsaylı qağayılar görürdük. Dənizə birbaşa axıdılan çirkab sulardakı müxtəlif maddələr qağayıları cəlb edirdi, onlar həmin suların gətirdiyi qida ilə bəslənirdilər. İndi isə sahildə qağayılara əvvəlki qədər rast gəlmirik.

Qağayıların olduğu yerlərdə suyun içində onların qidalanması üçün nə isə olur. Bu, tullantılar, yaxud insanların atdığı yeməklər ola bilər. Hazırda bu məsələyə bir çox hallarda daha ciddi nəzarət edilir. Bakı buxtasına gəlsəniz, bəzi yerlərdə dənizə təmizlənmiş su axıdıldığı barədə məlumatlandırıcı lövhələr görərsiniz. Düşünürəm ki, bu proses nəzarət altındadır və gözə görünən ərazilərdə təmizlənməmiş çirkab suların axıdılmasına yol verilməməlidir”.

Professor qeyd edib ki, lakin dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahilboyu ərazilərdə qurumuş sahələr yaranır və həmin ərazilərdə tullantılar daha aydın görünür: “Bu da ekoloji vəziyyəti gərginləşdirir. Dənizin geri çəkilməsi nəticəsində yaranan qurumuş ərazilərdə çirklənmə müşahidə olunursa, orada təmizləmə işləri aparılmalıdır. Bulvar və insanların gəzinti üçün istifadə etdiyi ərazilərdə belə çirkli sahələrin yaranmasına yol verilməməlidir. Müvafiq qurumlar həmin ərazilərdə təmizlik işləri aparmalı, dənizin geri çəkilməsi nəticəsində üzə çıxan çirkli sahələri lazımi vəziyyətə gətirməlidirlər”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki