Yeni Kainat yarana bilər - Alimlərdən İDDİA

Fiziklər ilk dəfə olaraq nəhəng ulduzların ölüm mərhələsində baş verə biləcək qeyri-adi prosesi izah ediblər. Yeni nəzəriyyəyə görə, çökən ulduzun daxilində kiçik bir Kainat yarana və onun genişlənməsi qara dəliyin formalaşmasının qarşısını ala bilər.

 
Referans Media xəbər verir ki, bununla bağlı araşdırma "Physical Review D" elmi jurnalında dərc olunub. Müasir astronomiyada qara dəliklər kütləsi böyük olan ulduzların həyatının son mərhələsi hesab olunur. Ulduz öz nüvə yanacağını tükətdikdən sonra cazibə qüvvəsi üstünlük qazanır və maddə sonsuz sıxlığa malik nöqtəyə – sinqulyarlığa doğru çökür. Lakin bu nöqtədə mövcud fizika qanunları artıq prosesləri tam izah edə bilmir. Məhz buna görə alimlər alternativ modellər üzərində işləyirlər.

 
Belə modellərdən biri də "qravastar" adlanan nəzəri obyektlərdir. Xaricdən qara dəliklərə çox bənzəyən qravastarların daxilində sinqulyarlıq olmur. Onların mərkəzində yüksək sıxlıqlı qaranlıq enerji sahəsinin yerləşdiyi və bu enerjinin çökməyə qarşı təzyiq yaratdığı düşünülür. Araşdırmanın müəllifləri Daniel Yampolski və Luçiano Rezzolla ilk dəfə ümumi nisbilik nəzəriyyəsinin tənliklərini dinamik rejimdə həll edərək qravastarların necə yarana biləcəyini göstəriblər. Onların modelinə əsasən, ömrünü başa vurmuş ulduzun daxilində sıxılmanın son mərhələsində Böyük Partlayışı xatırladan proses başlaya bilər. Nəticədə ulduzun içərisində yeni, kiçik bir Kainat yaranır və qaranlıq enerjinin təsiri ilə genişlənməyə başlayır.

 Bu genişlənmə isə xaricə doğru təzyiq yaradaraq ulduzun tam çökməsinin qarşısını alır. Daniel Yampolskinin sözlərinə görə, yeni Kainatın "Böyük Partlayışı" ulduzun artıq demək olar ki, qara dəlik vəziyyətinə çatdığı anda baş verə bilər. Alimlər vurğulayırlar ki, bu nəzəriyyə qara dəliklərin mövcudluğunu inkar etmir. Qara dəliklər hələ də cazibə qüvvəsinin təsiri altında baş verən çökmənin ən sadə və ən məntiqli izahı hesab olunur. Lakin maddənin həddindən artıq sıxlıq şəraitində necə davrandığı barədə biliklər hələ də tam deyil və buna görə də alternativ ssenarilərin araşdırılması böyük əhəmiyyət daşıyır. Tədqiqatçılar hesab edirlər ki, bu model Kainatın ən ekstremal obyektlərinin təbiətini anlamaq və nəhəng ulduzların son təkamül mərhələlərini öyrənmək üçün yeni istiqamət aça bilər./sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki