Keçilərin insan səsini izləyərək qida tapa bildiyi məlum olub

Yeni elmi araşdırma göstərib ki, keçilər kiçik uşaqlar kimi bir obyekti tapmaq üçün insan səsinin istiqamətini izləyə bilirlər. Mütəxəssislər bunu səs vasitəsilə “işarə etmə” forması kimi qiymətləndirirlər.

Sürix Universitetindən professor Simon Taunsendin rəhbərlik etdiyi mütəxəssislər bildiriblər ki, insan səsindəki ipuclarını izləmək qabiliyyəti şimpanzelərdə müşahidə olunmasa da, daha əvvəl itlərdə qeydə alınıb. Bu isə sözügedən qabiliyyətin heyvanların əhliləşdirilməsi prosesi ilə əlaqəli ola biləcəyini göstərir.

Gizlədilən qidanı səsin istiqaməti ilə tapıblar

"Royal Society Open Science" jurnalında dərc olunan araşdırma çərçivəsində alimlər insanlığın ən qədim əhliləşdirilmiş növlərindən biri olan keçilər üzərində təcrübələr aparıblar.

Təcrübə zamanı tədqiqatçı taxta pərdənin arxasında gizlənərək keçilərin görə bilmədiyi şəkildə vedrələrdən birinə qida yerləşdirib.

Daha sonra tədqiqatçı pərdə arxasından içində qida olan vedrənin istiqamətinə doğru həyəcanlı səslə danışıb. Təcrübəyə cəlb edilən 29 keçinin 60 faizi səs gələn istiqamətdəki dolu vedrəyə yaxınlaşıb.

Bunun əksinə olaraq, tədqiqatçının susduğu və ya vedrələrdən fərqli istiqamətə danışdığı hallarda keçilərin uğur göstəricisi müvafiq olaraq 47 və 49 faiz təşkil edib. Bu nəticələr heyvanların həmin hallarda təsadüfi seçim etdiyini göstərib.

Əhliləşdirmə prosesinə işıq salır

Araşdırma qrupunun üzvü doktor Stüart Uotson bildirib ki, əldə olunan nəticələr növlərin insan həyatı ilə uyğunlaşmasını təmin edən idrak dəyişikliklərinin öyrənilməsinə töhfə verə bilər və heyvan rifahı baxımından da əhəmiyyət daşıyır.

Alimlərin sözlərinə görə, keçilərin dünyanı necə qavradığını anlamaq həm insanlar, həm də heyvanlar üçün faydalıdır.

Əvvəlki araşdırmalar da göstərib ki, keçilər insanın əl işarələrini izləyə, insan səsindəki müxtəlif emosiyaları ayırd edə və müsbət üz ifadələrini mənfi ifadələrdən üstün tuta bilirlər.

Tədqiqatçılar bu qabiliyyətin anadangəlmə olub-olmadığını müəyyən etmək üçün oxşar təcrübələrin vəhşi keçilər üzərində də aparılmasının vacib olduğunu bildirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki