Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşü zamanı “Patriot” hava hücumundan müdafiə sistemləri və digər hərbi texnologiyalar tələb etdiyini açıqlayıb.
Referans MEDİA xəbər verir ki, Zelenski bu barədə "The Wall Street Journal" nəşrinə müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışarkən bildirib.
Ukrayna lideri Tramp ilə keçirdiyi görüşə toxunaraq qeyd edib ki, qış mövsümü başlamazdan əvvəl ölkəsinin hava hücumlarından qorunması üçün yeni silah sistemlərinə ehtiyacı var.
“Patriot” sistemləri ilə yanaşı, digər texnologiyaların da müzakirə olunduğunu bildirən Zelenski, ABŞ liderinin enerji məsələsinə xüsusi önəm verdiyini düşündüyünü deyib.
“Düşünürəm ki, (Tramp) enerji atəşkəsi ilə bağlı danışıqlar aparmağa çalışacaq”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski Ukrayna qüvvələrinin Rusiyanın neft emalı imkanlarının 45 faizini məhv etdiyini iddia edib.
O, döyüş meydanındakı vəziyyətin Rusiya Prezidenti Vladimir Putinin xeyrinə olmadığını bildirib:
“Döyüş meydanındakı vəziyyət Putin üçün uğurlu deyil, buna görə də o, qalib gəlmir”.
Qeyd edək ki, Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının iclasları üçün getdiyi Nyu-Yorkda Donald Trampla görüşüb.
Görüşdə Ukraynadakı müharibənin gedişi, mümkün diplomatik həll yolları və Kiyevin hərbi ehtiyaclarının müzakirə edildiyi bildirilib.
