Cənubi Qafqazda kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi yeni bir mərhələyə qədəm qoyur. Uzun müddət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatları çərçivəsində müzakirə olunan bu layihə, artıq daha geniş geosiyasi müstəviyə keçid edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Referans Media-ya verdiyi özəl açıqlamasında prosesin dəyişən dinamikasını və Vaşinqtonun bu məsələdə artan rolunu təhlil edib.
“Paşinyan yenidən baş nazir seçilərsə, MDB Dövlət Başçıları Şurasının iclasları və digər beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşlərinin keçirilməsi mümkündür. Lakin belə görüşlərin Zəngəzur dəhlizinin taleyinə həlledici təsir göstərəcəyi gözlənilmir. Ola bilsin ki, tərəflərdən hər hansı biri bu mövzunu müzakirə predmeti kimi gündəmə gətirsin, amma dəhlizin açılması məsələsi artıq əvvəlki dövrlərdə olduğu kimi Rusiya ilə birbaşa bağlı deyil.
Doğrudur, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və açılması məsələsi öz əksini tapmışdı. Ancaq sonrakı dövrdə həmin sənədin bir sıra müddəaları icra edilmədiyindən onun praktiki əhəmiyyəti xeyli zəifləyib və arxivə keçib.
Bu baxımdan, 8 avqust 2025-ci ildə Vaşinqtonda Zəngəzur dəhlizinin açılması ilə bağlı imzalanmış sənədlər xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, son günlər ABŞ və Ermənistan arasında TRIPP layihəsinin icrası ilə bağlı yeni sazişlərin imzalanması da göstərir ki, layihənin reallaşdırılması istiqamətində konkret addımlar atılır. Mövcud vəziyyət onu deməyə əsas verir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı proses daha çox ABŞ, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar əsasında formalaşacaq. Bu isə layihənin regional deyil, daha geniş geosiyasi və iqtisadi əhəmiyyət daşıdığını göstərir.
Eyni zamanda, Rusiya da gələcəkdə bu nəqliyyat marşrutundan istifadə etmək imkanına malik olacaq. Çünki Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Zəngəzur dəhlizi üzərinden dəmir yolu xətlərinin İran körfəzi istiqamətində inteqrasiyası mümkün görünür. Bu isə Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutlarının qarşılıqlı əlaqəsini gücləndirərək yükdaşımaların həcminin artmasına, tranzit imkanlarının genişlənməsinə və regionun logistika potensialının yüksəlməsinə xidmət edəcək”.
Millət vəkilinin vurğuladığı kimi, Zəngəzur dəhlizi artıq təkcə Azərbaycan-Ermənistan münasibətlərinin deyil, Avrasiya məkanında formalaşan yeni nəqliyyat və ticarət arxitekturasının mühüm elementlərindən birinə çevrilməkdədir. Beynəlxalq güclərin bu layihəyə artan marağı dəhlizin həm iqtisadi, həm də siyasi dayanıqlığını təmin edən əsas amildir. Görünən odur ki, yaxın gələcəkdə bu marşrut qlobal yükdaşımaların əsas arteriyalarından biri olmaqla yanaşı, regionun simasını tamamilə dəyişəcək.
