Zirədə Xəzər suları niyə qəhvəyi rəngə boyanıb? – VİDEO

Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən və sakinlərin çimərlik kimi istifadə etdiyi ərazidə dəniz suyu qəhvəyi rəngə boyanıb. Sosial şəbəkələrdə yayılan görüntülər sakinləri təşvişə salıb.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ərazidən nümunə götürüldüyünü açıqlayıb. Bildirilib ki, nəticələr Mərkəzi Laboratoriyada yoxlanıldıqdan sonra ictimaiyyətə təqdim olunacaq.

Referans Media-nın xəbərinə görə, məsələ ilə bağlı “Bakupost”a danışan ekoloq Sadiq Həsənov bildirib ki, görüntülərə əsasən, rəngin suda həll olunmuş vəziyyətdə olduğu müşahidə edilir.

Onun sözlərinə görə, hadisənin bir neçə mümkün səbəbi var:

“Zirə qəsəbəsi demək olar ki, mərkəzləşdirilmiş kanalizasiya xətti ilə təmin olunmayan bir ərazidir. Bu baxımdan, səbəblərdən biri qəsəbənin yaxınlığındakı hansısa obyektdən çirkab suların dənizə axıdılması ola bilər. Xüsusilə nəzərə alaq ki, Zirə dənizə yaxın yerləşir və burada müxtəlif girintili-çıxıntılı sahələr var. Çirkab suların dənizə axıdılması nəticəsində suyun tərkibində azotun miqdarı artır. Bu isə fitoplanktonların, yəni dənizdəki yosunların sürətlə inkişaf etməsinə səbəb olur. Azot onların inkişafını sürətləndirən əsas amillərdəndir. Ola bilər ki, müəyyən ərazidə fitoplanktonların kütləvi artımı baş verib və onlar çoxaldıqda suya qarışaraq sarı və ya qəhvəyi rəng yaradır. Düşünürəm ki, səbəblərdən biri məhz budur. Çünki videoda görünür ki, insan suya toxunur və suyun şəffaflığında dəyişiklik yoxdur, rəng suda həll olunmuş vəziyyətdədir. Əgər bu kükürd və ya digər kimyəvi maddələr, yaxud dəmir filizi kimi metal tərkibli axıntılar olsaydı, bu dərhal hiss olunardı.

İkinci səbəb isə müxtəlif turşu tipli kimyəvi maddələrin axıdılması ola bilər ki, bu da küləyin təsiri ilə yayılıb belə görüntü yarada bilər. Amma düşünürəm ki, əsas səbəb fitoplanktonların həddindən artıq artmasıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki