100 hektar torpaq, 500 qoyun şərti: subsidiya kimlər üçün nəzərdə tutulub?

Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı və idxaldan asılılığın azaldılması istiqamətində tətbiq edilən yeni subsidiya mexanizmləri ictimaiyyətdə və ekspert dairələrində geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən iqtisadçı Natiq Cəfərli Kənd Təsərrüfatı Nazirliyinin sahədəki problemləri həll etmək cəhdlərini yüksək qiymətləndirsə də, müəyyənləşdirilən yeni şərtlərin kiçik və orta fermerlərin maraqlarına cavab vermədiyini bildirib.

Ekspert mövcud durumu və təklif olunan kriteriyaları belə şərh edib:
​"Kənd Təsərrüfatı Nazirliyinin bu problemə diqqət yetirməsi, bununla bağlı hansısa bir addımlar atması istəyi təqdirəlayiqdir, təbii ki. ... Belə bir problemin olduğunu Kənd Təsərrüfatı Nazirliyi görür və bununla bağlı hansısa addımlar atmaq istəyir. Və ilkin addımlar da subsidiyaların artırılması yönündə müəyyən qərarların verilməsi kimi oldu. Ama mənə elə gəlir ki, bu nəinki yetərli deyil, bəzi hallarda isə kiçik və orta sahibkarlara, fermerlərə təsir etməyəcək qərarlardır. Ama biz fokus-u dəyişməliyik. Mən belə başa düşürəm ki, bu qərarın əsas məqsədi iri təsərrüfatlar yaradılmasına təşviq etmək və iri təsərrüfatları dəstəkləməkdir.

​Bu da yollardan biridir, necə deyərlər. Ama doğru yoldurmu? Mənim burda şübhələrim var. Çünki dünya praktikası da göstərir ki, bəli, iri təsərrüfatlar daha rentabel olur. Ama kütləviliyi təmin etmək üçün kiçik, orta sahibkarlığın inkişafı daha vacibdir, fermer təsərrüfatlarının ayaqda qalması daha vacibdir. Yani burda da kriteriyalar çox sərtdir.

​Məsələn, 500 qoyunu olanın və 100 hektar örüş yeri olanlara subsidiya verilir. Bu neçə fermer əhatə eləyəcək? Bəs 50 qoyunu, 100 qoyunu olanların niyə burdan kənarda qalmalıdır? Xırda ailə təsərrüfatları niyə burdan kənar qalmalıdır? Eyni şey iri buynuzlu mal-qaraya da aitdir də. Orda 50 baş kriteriyası var. 50 baş mal-qarası kimin var? Neçə nəfərin var? Neçə belə fermer var ölkədə?

​Yani bununla bağlı istiqamət doğrudur, idxaldan asılılığın azaldılması, yerli istehsalın artırılması yönündə istiqamət olaraq doğrudur. Ama qərarların yenidən göz dən keçirilməsinə, kiçik və orta sahibkarlığa toxunacaq və onlara təsir edəcəyi, onlara müsbət təsir edəcək qərarların alınmasına ehtiyac var."

​Yekun olaraq, ekspert vurğulayır ki, yerli istehsalın stimullaşdırılması və xarici bazarlardan asılılığın aradan qaldırılması strategiyası düzgün seçilsə də, dəstək mexanizmləri yenidən işlənməlidir. Yalnız iri aqroparkları deyil, ölkənin kənd təsərrüfatı yükünü daşıyan xırda ailə təsərrüfatlarını və orta fermerləri də əhatə edən çevik güzəştlərin tətbiqi aqrar sektorun dayanıqlı inkişafı üçün əsas şərt hesab olunur.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki