Yeni tədris ilinin başlanması Bakının onsuz da ağır olan nəqliyyat yükünü daha da artırır. Xüsusilə səhər saatlarında məktəb və universitetlərin qarşısında yaranan xaotik vəziyyət həm tıxaclara, həm də piyadaların, xüsusilə uşaqların təhlükəsizliyi ilə bağlı ciddi risklərə səbəb olur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi təhsil müəssisələrinin ətrafındakı yolların müşahidə kameraları vasitəsilə nəzarətdə saxlanılacağını açıqlayıb. Dayanma və durma qaydalarını pozan, süni sıxlıq yaradan nəqliyyat vasitələri ilə bağlı yol polisinin məlumatlandırılması, eyni zamanda müəyyən istiqamətlərdə “yaşıl dalğa” rejiminin tətbiqi nəzərdə tutulur.
Bəs bu tədbirlər problemin həlli üçün kifayətdirmi? Məktəbin qarşısında avtomobil saxlayan valideynləri cərimələmək çıxış yoludurmu? Park yerlərinin kifayət qədər olmaması nəzərə alınmalıdırmı?
Bu və digər sualları sabiq polis Mahmud Hacıyevlə müzakirə etdik.
– Tədris ilinin ilk günlərində məktəblərin qarşısında eyni mənzərə təkrarlanır: avtomobillər ikinci sırada dayanır, valideynlər uşaqları düşürmək üçün yolun hərəkət hissəsini tutur, nəticədə böyük tıxac yaranır. Sizcə, problemin əsas səbəbi nədir?
– Burada iki məsələni bir-birindən ayırmaq lazımdır. Birincisi, sürücülərin yol hərəkəti qaydalarına münasibəti, ikincisi isə şəhərin nəqliyyat infrastrukturu. Sürücü bilməlidir ki, uşağı məktəbə gətirmək onun üçün müəyyən güzəşt yaradan səbəb deyil. “Mən uşağı məktəbə gətirmişəm”, “cəmi iki dəqiqə dayanacağam” kimi izahların hüquqi baxımdan əhəmiyyəti yoxdur. Əgər həmin yerdə dayanma və durma qadağandırsa, qadağadır. Amma digər tərəfdən, valideyndən tələb etmək ki, avtomobili məktəbin qarşısında saxlamasın, park etsin — bunun üçün alternativ də yaradılmalıdır. Məktəbin ətrafında dayanacaq yoxdursa, valideyn avtomobili harada saxlamalıdır? Ona görə bu məsələyə yalnız cərimə prizmasından yanaşmaq düzgün olmaz.
– Yəni cərimə tətbiq edilməsinə qarşısınız?
– Xeyr. Əksinə, qaydanı pozan şəxs məsuliyyət daşımalıdır. Əgər qanun pozuntusu kameralar vasitəsilə qeydə alınırsa, qanunvericiliyə uyğun tədbir görülməlidir. Ancaq cərimə problemin özü deyil, problemin idarə olunması vasitəsidir. Məktəbin qarşısında yolun hərəkət hissəsini bağlayan avtomobil tıxac yaradırsa, həmin sürücüyə cərimə yazmaq lazımdır. Çünki bir nəfərin rahatlığı üçün yüzlərlə insanın hərəkətinə mane olmaq olmaz. Amma eyni zamanda şəhərsalma və nəqliyyat təşkilatçıları da sual verməlidirlər: həmin məktəbin qarşısında valideynlərin avtomobillərini qısa müddətə saxlaya biləcəyi “drop-off” zonası varmı?
– Bakıda parklanma yerlərinin az olması valideynlərin vəziyyətini çətinləşdirirmi?
– Əlbəttə. Bunu nəzərə almadan yalnız sürücünü günahlandırmaq məsələnin yarısını görməkdir. Məktəblərin ətrafında xüsusilə səhər saatlarında böyük sayda avtomobil olur. Valideyn uşağı məktəbin qapısına qədər gətirmək istəyir. Əgər onun üçün 100-200 metr məsafədə təhlükəsiz və qanuni dayanma imkanı yaradılmayıbsa, avtomobilini qadağan olunmuş yerdə saxlamaq ehtimalı artır. Ona görə məktəblərin ətrafında nəqliyyat sxemləri əvvəlcədən hazırlanmalıdır. Səhər saatlarında giriş-çıxış istiqamətləri müəyyənləşdirilməli, mümkün olan yerlərdə qısa müddətli dayanma zolaqları yaradılmalıdır.
– NİİM-in kameralar vasitəsilə nəzarəti və “yaşıl dalğa” tətbiq etməsi vəziyyəti dəyişə bilərmi?
– Bu, müsbət addımdır. Amma “yaşıl dalğa” yalnız hərəkətin tənzimlənməsinə kömək edə bilər. O, qaydanı pozaraq yolun hərəkət hissəsini tutan avtomobili aradan qaldırmır. Əsas məsələ operativ nəzarətdir. Məsələn, məktəbin qarşısında saat 07:45-dən 08:30-a qədər ciddi sıxlıq yaranırsa, həmin müddətdə yol polisinin və digər aidiyyəti xidmətlərin iştirakı gücləndirilməlidir. Kamera görür, məlumat ötürür, amma bəzən fiziki müdaxilə də lazımdır. Çünki sürücü qaydanı pozub avtomobili yolun ortasında saxlayırsa, tıxac artıq yaranıb. Sonradan cərimə yazılması həmin an yaranmış problemi aradan qaldırmır.
– Bəzi valideynlər deyə bilər ki, “uşağı məktəbin qapısından uzaqda düşürsəm, təhlükəsizliyi necə təmin edim?”
– Xüsusilə ibtidai sinif şagirdlərindən söhbət gedirsə, bu ciddi arqumentdir. Məhz buna görə məktəblərin qarşısında piyada təhlükəsizliyi ayrıca təşkil edilməlidir. Uşağın avtomobildən düşdüyü nöqtədən məktəbin girişinə qədər təhlükəsiz piyada marşrutu olmalıdır. Əks halda bir problemi həll edib digərini yaradırıq. Avtomobili məktəbdən uzaqda saxlayırıq, amma uşaq yolun hərəkət hissəsini keçməli olur. Bu da təhlükəlidir.
– Bəs valideynlərə nə tövsiyə edərdiniz?
– Ən vacib tövsiyəm budur ki, məktəbin qapısına qədər avtomobillə getmək məcburiyyətindən əl çəksinlər. Əgər mümkündürsə, avtomobili bir qədər kənarda saxlayıb uşağı piyada aparmaq lazımdır. Əlbəttə, bu, məktəbin yerləşdiyi ərazidən və uşağın yaşından asılıdır. Digər məsələ ikinci sırada dayanmaqdan imtina etməkdir. “Hamı belə edir” arqumenti hüquqi arqument deyil. Məktəb rəhbərliklərinin öz üzərinə düşən işi görməsidir. Məktəbin giriş-çıxışının qarşısında nəqliyyat xaosu yaranırsa, bu barədə aidiyyəti qurumlarla əvvəlcədən koordinasiya aparılmalıdır.
– Sizcə, məktəblərin qarşısında yol polisinin iştirakı artırılmalıdır?
– Tədris ilinin ilk həftələrində, xüsusilə səhər və günorta pik saatlarında bu, məqsədəuyğun olardı. Əsas məqsəd hərəkətin təhlükəsizliyini və nizamını təmin etməkdir. Bir polis əməkdaşının məktəbin qarşısında düzgün təşkil etdiyi hərəkət bəzən onlarla inzibati protokoldan daha effektiv nəticə verir. Amma bu daimi polis postu demək deyil. Texnologiyadan, kameradan, elektron nəzarətdən və düzgün təşkil edilmiş yol hərəkəti sxemlərindən maksimum istifadə edilməlidir.
– Deməli, məsuliyyət təkcə sürücülərin üzərində deyil?
– Əlbəttə. Sürücü öz məsuliyyətini daşıyır. Amma şəhərin nəqliyyat sistemi də insan davranışını nəzərə almalıdır. Məktəb tikiləndə onun ətrafında nəqliyyat axını, piyada hərəkəti, avtobus dayanacağı, parklanma, valideynlərin giriş-çıxışı nəzərə alınmalıdır. Biz hər il sentyabr ayında eyni problemi yaşayırıqsa, deməli, yalnız həmin günlərdə polis nəzarətini artırmaqla məsələ tam həll olunmur.
– Son olaraq, məktəblərin qarşısında avtomobil saxlayan sürücüləri nə gözləyir?
– Qaydanı pozan sürücünü, təbii ki, inzibati məsuliyyət gözləyə bilər. Amma mən məsələyə yalnız “cərimə gələcək” kimi yanaşmağın tərəfdarı deyiləm. Sürücü başa düşməlidir ki, söhbət sadəcə cərimədən getmir. Söhbət uşaqların təhlükəsizliyindən, piyadaların hüququndan və şəhərin normal fəaliyyətindən gedir. Bir valideyn uşağını məktəbə apararkən başqa uşaqların, piyadaların və yüzlərlə sürücünün hərəkətini təhlükəyə atmamalıdır. Digər tərəfdən, dövlət qurumları da sürücüdən qaydaya əməl etməsini tələb edirsə, ona bunun üçün real alternativ yaratmalıdır. Yəni məktəb qarşısındakı xaosu yalnız cərimə və kamera həll edə bilməz. Burada sürücü intizamı, polis nəzarəti və düzgün nəqliyyat infrastrukturu bir-birini tamamlamalıdır... Bunlardan biri yoxdursa, problem hər sentyabrda yenidən qarşımıza çıxacaq./musavat.com/
