İngiltərədə keçirilən "Download" Festivalında yaşanan qalmaqallı hadisə məhkəməyə çıxarılıb. Festival zamanı attraksionda əxlaq normalarını pozan davranış nümayiş etdirən 33 yaşlı İnnes Millerə pul cəzası verilib.
Referans Media xəbər verir ki, Nottingemşirdə yaşayan inşaat mühəndisliyi tələbəsi İnnes Miller iyun ayında "Castle Donington" yaxınlığında keçirilən festival zamanı tanış olduğu qadınla dönmə çarxda intim münasibət yaşayıb. Hadisə dönmə çarxdakı digər şəxslər və aşağıda olan festival iştirakçıları tərəfindən fərq edilib. Hadisənin görüntüləri qeydə alınaraq daha sonra internetdə yayılıb.
Miller görüntülərin internetdə yayıldığını patronunun telefon zəngindən sonra öyrənib. Məhkəmədə müdafiə tərəfinin bildirdiyinə görə, patronu ona zəng edərək görüntülərin geniş yayıldığını xəbər verib. Polis də internetdə yayılan görüntülər əsasında Miller və onunla birlikdə olan qadının kimliyini müəyyənləşdirib və hər iki şəxsi ifadəyə çağırıb.
Məlumata görə, hadisə barədə polisə məlumat verən şəxs həmin vaxt kiçik oğlu ilə birlikdə dönmə çarxda olan qadın olub. Qadın hadisəni gördükdən sonra ciddi narahatlıq keçirdiyini bildirərək polisə müraciət edib. Daha sonra istintaqla əməkdaşlıq edən qadın barəsində cinayət təqibi aparılmayıb.
İnnes Miller Lester Magistrat Məhkəməsində keçirilən iclas zamanı ictimai əxlaqı pozmaqla bağlı ittihamı qəbul edib. Müdafiə tərəfi hadisənin qısa müddət davam etdiyini və Millerin alkoqolun təsiri altında olduğunu bildirib. Vəkil həmçinin görüntülərin internetdə və milli mediada yayılmasının Miller üçün ciddi nəticələrə səbəb olduğunu vurğulayıb.
Məhkəmə Milleri 80 funt sterlinq məbləğində cərimələyib. Bundan əlavə, ondan 85 funt sterlinq məhkəmə xərci və 32 funt sterlinq əlavə ödəniş tutulmasına qərar verilib.
Beləliklə, onun ödəməli olduğu ümumi məbləğ 197 funt sterlinqə çatıb.
