Marketlərdə bu məhsulların satışına qadağa qoyulacaq – Son tarix açıqlandı

Türkiyədə qida məhsullarında istifadə olunan aroma vericilərlə bağlı yeni qaydalar qüvvəyə minib. Yeni tənzimləməyə əsasən, donuz və həşərat mənşəli aroma vericilərin qida məhsullarında istifadəsi tamamilə qadağan edilib.

Referans Media xəbər verir ki, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin hazırladığı yeni qaydalar Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılıb. Yeni tənzimləmə ilə 2011-ci ildən qüvvədə olan əvvəlki qaydalar ləğv edilib.

Donuz və həşərat mənşəli komponentlərə qadağa

Yeni qaydalara əsasən, donuz və həşərat mənşəli aroma vericilərdən, həmçinin aroma vermə xüsusiyyətinə malik bu cür qida komponentlərindən istifadə edilməsinə icazə verilməyəcək. Bundan başqa, qaydalara uyğun olmayan aroma maddələrinin və həmin maddələri ehtiva edən qida məhsullarının bazara çıxarılması da qadağan olunacaq.

10 aroma maddəsi üçün son tarix

Yeni tənzimləmədə 10 aroma maddəsi ilə bağlı mərhələli qadağa da nəzərdə tutulub. FL 04.029, FL 05.100, FL 05.175, FL 05.222, FL 15.029, FL 15.030, FL 15.060, FL 15.119, FL 15.130 və FL 15.131 kodlu maddələrin 31 dekabr 2026-cı ildən etibarən bazara çıxarılması, qida istehsalında istifadəsi və idxalı dayandırılacaq.

FL 05.062 və FL 05.099 kodlu iki aroma maddəsinin istifadəsi isə yalnız müəyyən qida kateqoriyaları ilə məhdudlaşdırılacaq.

“Təbii” ifadəsi üçün 95 faiz şərti

Yeni qaydalar qida etiketlərində “təbii” ifadəsinin istifadəsinə də yeni meyar gətirib. Belə ki, aroma vericinin etiketində “təbii” ifadəsindən istifadə olunması üçün onun tərkibindəki aroma komponentlərinin ən azı 95 faizinin etiketdə göstərilən mənbədən əldə edilməsi tələb olunacaq.

Müəssisələrə ilin sonuna qədər vaxt verilib

Qida müəssisələrinə yeni qaydalara uyğunlaşmaları üçün 31 dekabr 2026-cı ilədək keçid müddəti tanınıb. Bu tarixdən əvvəl istehsal edilən və ya bazara çıxarılan, lakin yeni qaydalara uyğun olmayan məhsullar isə yararlılıq müddəti başa çatana qədər satışda qala biləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki