Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ ilə İran arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi sual doğurur. Rəsmi açıqlamalar, qarşılıqlı hədələr və regionda hərbi qüvvələrin cəmləşdirilməsi müharibə ehtimalını gündəmə gətirsə də, eyni zamanda danışıqlarda müəyyən irəliləyişlərin olduğu barədə mesajlar da verilir.
Referans Media-ya açıqlama verən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, ABŞ ilə İran arasında həm müharibə, həm də anlaşmaya dair sənədin imzalanması an məsələsi ola bilər. Onun sözlərinə görə, hər iki tərəf regionda xeyli hərbi qüvvə cəmləşdirib və bir-birinə qarşı müharibə ritorikası ilə bəyanatlar səsləndirir.
Ekspert qeyd edib ki, bununla yanaşı, danışıqlarda müəyyən irəliləyişlərin əldə olunduğuna dair açıqlamalar da verilir. Onun fikrincə, “müharibə partiyası” və hərbi güc məsələsi tərəflərin bir-birinə təklif etdiyi əsas amillərdəndir. ABŞ İran hakimiyyətinə göstərmək istəyir ki, onun İranda olmayan qeyri-adi silahları var və həmin silahlarla İranın bütün hərbi obyektlərini məhv edə bilər.
Sədrəddin Soltan vurğulayıb ki, İran da öz növbəsində bəyan edib ki, regiondakı ABŞ hərbi gəmilərini batırmağa qadirdir. Onun sözlərinə görə, hər iki tərəf güc nümayiş etdirməyə çalışır. İran bununla ABŞ-dan daha çox güzəşt qoparmağa çalışır, ABŞ isə İrana irəli sürdüyü şərtlərə heç bir əlavə güzəşt edilmədən əməl olunmasını tələb edir.
Politoloq əlavə edib ki, tərəflər arasında diqqət və gərginlik davam edir. Barışdırıcılıq missiyasını üzərinə götürən vasitəçilər isə hələ ki, uğur qazana bilməyiblər. Çünki nə İranın, nə də ABŞ-nin irəli sürdüyü şərtlərdən geri çəkildiyinə dair hər hansı məlumat yoxdur.
Onun sözlərinə görə, Tehran hakimiyyəti iddia edir ki, ABŞ ilə nüvə proqramını müzakirə etməyə hazırdır. ABŞ isə İranın nüvə proqramı ilə yanaşı, raket məsələsini də gündəmə gətirir. İran nüvə ilə bağlı şərtləri qəbul edəcəyi təqdirdə tətbiq olunan sanksiyaların aradan qaldırılmasını tələb edir. ABŞ isə əvvəlcə nüvə proqramının dayandırılmasını və şərtlərin qəbulunu, yalnız bundan sonra sanksiyaların ləğvi məsələsinə baxılacağını vurğulayır.
Sədrəddin Soltanın qənaətinə görə, mövcud vəziyyətdə həm müharibənin baş verməsi, həm də tərəflər arasında anlaşma sənədinin imzalanması ehtimalı qalmaqdadır.
Gülnaz Abdullazadə.
