Allahı qəbul edib, məzhəblərə "Yox" deyirlər: Azərbaycanda yeni trend necə yayıldı?

Müasir dövrdə dinə marağın azaldığı tez-tez səsləndirilsə də, bəzi ilahiyyatçılar bunun əksini düşünür. Onların fikrincə, problem dinə marağın azalmasında deyil, insanların ənənəvi dini anlayışları sorğulamağa başlamasındadır. Bəs internet və sosial şəbəkələrin təsiri ilə formalaşan yeni dini baxışlar İslam dünyasında hansı dəyişikliklərə səbəb olur?

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, ilk növbədə dinə marağın azaldığını söyləmək doğru deyil.

Onun sözlərinə görə, əksinə, dinin daha çox aktuallaşdığının şahidi oluruq və bunu aparılan müzakirələrdə də görmək mümkündür:

"Çünki din mövzusu artıq dinsizlik, teizm, deizm, ateizm və aqnostisizm üzərindən cərəyan edir. Ona görə də burada deyilən məsələ dinə marağın azalması deyil, ənənəvi din anlayışına marağın azalmasıdır. Yəni bu gün şiəliyin və ya özünü sünni adlandıran insanların ortaya qoyduğu məsələlərə maraq azalıb."

E.Miri qeyd edib ki, Allahı qəbul edən, lakin ənənəvi dini yanaşmaları qəbul etməyən insanların sayında artım müşahidə olunur:

"Yaxud da Quranı əsas alaraq yaşamağa çalışanların sayında ciddi artım müşahidə edilir. Bu da internetin və sosial şəbəkələrin inkişafı, əvvəllər yalnız akademik çevrələrdə müzakirə olunan mövzuların cəmiyyətə çıxarılması ilə bağlıdır."

İlahiyyatçı hesab edir ki, məhz cavab gözləyən sualların gündəmə gəlməsi insanların ənənəvi din anlayışından uzaqlaşmasına səbəb olur:

"Dinə inam zəifləmir. Əksinə, insanlar dini daha diqqətlə araşdırmağa, müzakirə etməyə və sorğulamağa başlayırlar. Çünki dinin bizdən istədiyi də budur."

Onun sözlərinə görə, Quranda belə sorğulama mədəniyyəti təşviq edilir:

"Quranı-Kərimdə Allahın belə sorğulandığını görürük. Yəni söhbət kor-koranə inanmaqdan deyil, sual verməkdən, mühakimə etməkdən və düşünməkdən gedir. Buna görə də bu proses daha məntiqli və daha doğrudur."

E.Miri əlavə edib ki, son dövrlərdə dini islahatların ortaya çıxması və mövcud Quran tərcümələrinin yenidən müzakirə edilməsi də diqqət çəkir:

"İnsanlar mövcud Quran tərcümələrinə diqqətlə baxanda onları qane etməyən və düzgün hesab etmədikləri məqamlarla qarşılaşırlar. Bu məsələlərin müzakirə olunması çox gözəldir və insanların rəvayətlərdən, mövhumatdan və xurafatdan uzaqlaşmasına təkan verir."

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki