“Bu gün Bakı şəhərində 2600-ə yaxın avtobus hərəkətdədir və bu, son üç il müddətində 900 ədəd avtobusun artıq olması deməkdir”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
“Söhbət həm də ekoloji təmiz nəqliyyat vasitələrindən gedir. Bu, CNG və elektriklə işləyənlərdir. Növbəti illərdə keçidin tamamilə Bakı parkında olması və əvvəlki dövrlərdən qalmış, artıq ömrünü başa vurmuş və ya dizel nəqliyyat vasitələri tamamilə dövriyyədən çıxarılması hədəf kimi qoyulub. Bu il sonu gözləntimiz odur ki, təqribən dövriyyədə 500-ə yaxın belə avtobusların qalacağı, növbəti il isə tamamilə yeniləri ilə əvəzlənəcəyidir,” - deyə o qeyd edib.
O vurğulayıb ki, Naxçıvanda bu yaxınlarda ictimai nəqliyyat tamamilə elektrikə keçirilib:
“Qarabağda da bilirsiniz ki, bütün zona yaşıl zona elan olunub və orada da Xankəndi ilk oldu bizim üçün. Qarabağda elektrik avtobusları istismara verildi. Digər şəhər və rayonlarımızda bu keçid davam edir” (“APA-Economics”).
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov nazir müavininin fikirlərini Musavat.com üçün belə şərh edib: “Bakı və Naxçıvanda ictimai nəqliyyatda avtobuslar ekoloji cəhətdən təmiz yanacaqla işləməyə başlayıb. Bu çərçivədə sıxılmış qazla işləyən avtobuslar və elektrobuslar xəttə buraxılıb, dizel və benzin mühərrikli köhnə avtobuslar isə dövriyyədən yığışdırılıb. Bu prosesin sürətlənməsi mümkündür, çünki atmosferə buraxılan karbon emissiyasının azaldılması ilə əlaqədar 2035–2060-cı illəri əhatə edən yeni strategiya mövcuddur. İctimai nəqliyyatda və nəqliyyatın digər sahələrində daxili yanma mühərrikli nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə əvəz olunması çətinlik yaratmır. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda elektrik mühərrikli avtobusların yığımı da artıq başlayıb”.
