Arda Güler üçün "Arsenal"ın rekord transfer təklifi hazırladığı iddia olunur.
Referans Media xəbər verir ki, İspaniyanın “El Nacional” nəşrinin yaydığı məlumata əsasən, İngiltərə klubu gənc ulduzu transfer etmək üçün "Real Madrid"ə 90 milyon avroluq rəsmi təklif etməyə hazırlaşır.
Məlumata görə, London təmsilçisinin baş məşqçisi Mikel Arteta Arda Güləri hücum xəttində yaradıcılıq problemini həll edəcək əsas fiqur kimi görür.
İddialara əsasən, "Arsenal" yalnız transfer məbləği ilə deyil, futbolçuya təqdim ediləcək maaşla da diqqət çəkir. Klubun Arda Gülərə illik 12 milyon avro maaş təklif etməyə hazır olduğu bildirilir.
Gənc futbolçunun "Real Madrid"də kifayət qədər oyun şansı qazanmaması onun gələcəyi ilə bağlı müzakirələri artırıb. Xüsusilə Premyer Liqa klublarının milli futbolçunu yaxından izlədiyi qeyd olunur.
Hazırda futbol ictimaiyyətinin diqqəti həm Madrid klubunun qərarına, həm də Arda Gülərin gələcək planlarına yönəlib.
