Arvadının maşınını düzəltdirmədi deyə evdə dava düşdü, 300 saatlıq cəzalandırıldı

Bakının Xətai rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Referans Media xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evdə baş verib. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Namaz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naibə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaqın gəldiyi nəticəyə görə, aralarında baş vermiş mübahisə zamanı 47 yaşlı kişi ayaq zərbələri ilə arvadının bədəninin müxtəlif nahiyələrindən vurmaqla onu döyüb.

Faktla bağlı Namazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Namaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hər ailədə olduğu kimi onların da ailəsində ara-bir söz-söhbət olur:

“Lakin uzun müddətdir ki, yola getmirik. Yola getməməyimizin fərqli səbəbləri var. Naibə sözümə qulaq asmır, məndən icazəsiz özbaşına addımlar atır”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü yaşadıqları ünvanda olarkən arvadı ilə aralarında sözlü mübahisə yaranıb və mübahisə zamanı əsəbləşərək onu yerə yıxıb, bir neçə dəfə təpiklə vuraraq onu döyüb:

“Mübahisənin yaranmasına səbəb aramızda olan ər-arvad münasibətlərimizə son qoymaq və danışmamaq olub. Həmin gün təxminən saat 15 radələrində evə gəldikdə Naibə məndən avtomobilini ustaya apararaq düzəltdirməyimi və bütün xərcləri ödəməyimi istədi. Beləliklə, aramızda mübahisə yarandı. Mübahisələrimiz təxminən 2-3 dəqiqə çəkdi. Naibəni bir neçə dəfə təpiklə vuraraq döydüm. Hadisə vaxtı iki azyaşlı övladımız evdə olub”.

Xətai Rayon Məhkəməsinin hökmü ilə Namaza 300 saat ictimai işlər növündə cəza təyin edilib. Onun cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanması qərara alınıb.

Hökmə əsasən, Namazın üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki