Valideynlərin ayrılmasından sonra aliment öhdəliyinin yerinə yetirilməməsi və sonradan aliment ödəməli olan valideynin vəfat etməsi bir çox ailələrdə suallar yaradır. Xüsusilə vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də odur ki, aliment almayan uşaqlar atalarının vəfatından sonra ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququna malikdirlərmi?
Referans Media bildirir ki, mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Lalə Salmanova bildirib ki, aliment ödənilməməsi uşağın qanunla nəzərdə tutulmuş digər sosial hüquqlarını avtomatik olaraq aradan qaldırmır. Onun sözlərinə görə, valideynin sağlığında aliment ödəyib-ödəməməsi ilə ailə başçısını itirməyə görə sosial təminat hüququ tamamilə fərqli hüquqi münasibətlərdir.
Vəkil qeyd edib ki, əgər ata vəfat edibsə və qanunvericilikdə nəzərdə tutulan şərtlər mövcuddursa, uşaqlar ailə başçısını itirməyə görə dövlət tərəfindən təyin olunan sosial təminat növlərindən yararlana bilərlər.
“Lakin bunun üçün ilk növbədə uşağın yaşı, təhsil vəziyyəti, əlilliyinin olub-olmaması, mərhumun sosial sığorta stajı və digər hüquqi əsaslar araşdırılmalıdır. Hər bir müraciət fərdi qaydada qiymətləndirilir və yalnız müvafiq şərtlər mövcud olduqda sosial ödəniş təyin edilir”, – deyə Lalə Salmanova bildirib.
Onun sözlərinə görə, ailə başçısını itirməyə görə ödənişin hansı formada – əmək pensiyası, yoxsa sosial müavinət şəklində veriləcəyi də konkret vəziyyətdən asılıdır. Əgər vəfat edən şəxsin qanunvericilikdə tələb olunan sosial sığorta stajı və pensiya hüququ formalaşıbsa, uşaqlara ailə başçısını itirməyə görə əmək pensiyası təyin oluna bilər. Əks halda isə qanunvericiliyin tələblərinə uyğun olaraq sosial müavinət məsələsinə baxılır.
Vəkil vurğulayıb ki, aliment borcunun olması və ya uzun illər aliment ödənilməməsi uşağın ailə başçısını itirməyə görə sosial təminat hüququnu məhdudlaşdırmır.
“Aliment öhdəliyi valideynin ailə hüququndan irəli gələn vəzifəsidir. Ailə başçısını itirməyə görə sosial təminat isə dövlət tərəfindən sosial müdafiə məqsədilə həyata keçirilən ayrıca hüquqi mexanizmdir. Bu iki məsələ bir-biri ilə qarışdırılmamalıdır”, – deyə hüquqşünas izah edib.
Lalə Salmanovanın sözlərinə görə, belə hallarda ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında aidiyyəti quruma və ya DOST mərkəzlərinə müraciət edilməlidir. Müraciət zamanı uşaqların yaşı, ailə vəziyyəti, mərhumun sığorta məlumatları və digər zəruri sənədlər araşdırılır.
“Müraciət əsasında bütün hüquqi meyarlar yoxlanılır və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilir. Əgər uşaqların ailə başçısını itirməyə görə sosial ödəniş almaq hüququ yaranırsa, həmin ödəniş qanunla müəyyən edilmiş qaydada təyin edilir”, – deyə vəkil bildirib.
Hüquqşünas əlavə edib ki, vətəndaşlar bu məsələlərlə bağlı dəqiq məlumat almaq üçün DOST mərkəzlərinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı Mərkəzi”nə və ya elektron xidmətlər vasitəsilə müraciət edə bilərlər. Hər bir müraciət fərdi qaydada araşdırıldığı üçün yekun qərar təqdim edilən sənədlər və hüquqi əsaslar nəzərə alınmaqla verilir.
Vəkil Lalə Salmanova sonda bildirib ki, valideynlər arasında yaranmış aliment mübahisələri uşaqların sosial müdafiə hüquqlarına mənfi təsir göstərməməlidir. Əgər ailədə belə vəziyyət yaranıbsa və aliment ödəyən valideyn vəfat edibsə, uşaqların ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnun olub-olmaması mütləq aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalı və qanunvericiliyə uyğun qiymətləndirilməlidir.
