Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsində məhkumu öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəməsi keçirilib.
Hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Nurullah Əkbərlinin ifadəsi ilə davam edib:
"2021-ci ilin aprelindən həbsxanadayam. Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) ilə ittiham olunmuşdum. Xəqani 2025-ci ilin martından həbsxanaya gəldi. Onunla düşüncələrimiz düz gəlmirdi. Bir dediyi digərini tutmayan qəribə sözlər, davranışlar göstərirdi. Xəstə ruhlu insan idi, ona bulaşmaq istəmirdim. Hər dəfə onun olduğu ortamdan bir bəhanə ilə uzaqlaşırdım. Amma sırtıq idi, əl çəkmirdi, hara gedirdim ardımca gəlirdi. Kitabxanaya gedirdim, dil öyrənirdim, idmanla məşğul olurdum - bir də görürdüm o da gəlirdi. Bu məni özümdən çıxmağa, əsəbiləşdirməyə başlayırdı. Amma onun xətasından uzaq olmaq üçün əsəblərimi hər dəfə cilovlayırdım. Bilirdim ki, onu vursam, karsa salınacaqdım. Məndə panik-atak var, karsda qala bilməzdim. Bir gün eşitdim ki, kimsə Xəqanini vurub. Belə olacağını, bir gün kiminsə onu bu kimi hərəkətlərinə görə birtəhər edəcəyini gözləyirdim. Mən nervoz xəstəsiyəm deyə ondan uzaq dururdum ki, ona zərər verməyim, sonra başım ağrımasın. Nə vaxt görürdüm, mənə baxırdı. Yuxudan oyanırdım, görürdüm ki, mənə baxır. Hadisə günü Xəqani səhər gəldi ki, gedək hamama. Onun şər-böhtanından qorxdum deyə uzaqlaşıb baraka gəldim. Xəqani də çox keçmədən ardımca gəlib mən səni flankəslə görmüşəm dedi. Artıq gərilmiş əsəblərimi saxlaya bilmədim. Neçə ay idi dözürdüm, bu dəfə özümə hakim ola bilmədim. Birinci ağzından yumruqla vurdum dişləri qırıldı, dizləri yerə gəldi. Mənim də əsəbdən halım pisləşdi, panik-atak keçirdim, sonrasını xatırlamıram. Ayılandan sonra təzədən onu vurmağa getdim".
Növbəti proses 25 avqust saat 15:00-a təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin 10 noyabr tarixində 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Müəssisədə cəza çəkən məhkum Nurullah Əkbərli şəxsi münasibətlər zəmnində digər məhkum Xəqani Şükürovu özünün hazırladığı kəsici-deşici alətlə qətlə yetirib.
Nurullah Əkbərli barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 317-2.1.(cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, bu hadisə ilə bağlı əvvəllər mediada məlumat yayılmayıb./Lent.az/
