ABŞ bu ölkəyə casus göndərdi

ABŞ son aylarda Kubada kəşfiyyat fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb və adaya casuslar və xüsusi agentlər göndərib.

Referans Media  xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun məqsədi Kuba rəhbərliyini siyasi islahatlara sövq etmək və ya kommunist rejiminə təzyiq imkanlarını genişləndirməkdir. Nəşr qeyd edir ki, bu cür kəşfiyyat fəallığı müxtəlif ssenarilərin – hərbi əməliyyatdan tutmuş Kuba rəsmiləri və əhalisi arasında hakimiyyətə qarşı narazılığın təşviqinə qədər – xəbərçisi ola bilər.

Mənbələrdən birinin sözlərinə görə, ABŞ yaxın vaxtlarda Kubaya casuslar və agentlər göndərsə də, əməliyyatların miqyası və hansı qurumların iştirak etdiyi açıqlanmayıb. Bildirilib ki, bu məlumatların açıqlanması davam edən əməliyyatları risk altına qoya bilər.

Digər mənbə isə bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Kubadakı fəaliyyətinin son dövrdə gücləndirilməsi kimi qiymətləndirib. Onun sözlərinə görə, ABŞ administrasiyası Kuba hakimiyyətini dəyişikliklərə təşviq etmək üçün kəşfiyyat resursları da daxil olmaqla bütün ənənəvi vasitələrdən istifadə etmək niyyətindədir.

Mənbələrdən biri ABŞ dövlət katibi Marko Rubionun Kuba məsələsinə xüsusi önəm verdiyini bildirərək, bu istiqamətin Vaşinqtonun xarici siyasətində prioritetlərdən biri olduğunu vurğulayıb.

Xatırladaq ki, Marko Rubio daha əvvəl Kubanı ABŞ ərazisində casus şəbəkəsi yaratmaqda ittiham etmiş və Havana hakimiyyətinin onilliklər ərzində ABŞ-də radikal sol hərəkatları dəstəklədiyini iddia etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki