"Azərbaycanda innovativ və "ağıllı" nəqliyyat sistemlərinə keçid sürətlənəcək".
Referans Media xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Report"a müsahibəsi zamanı deyib.
Belə ki, Azərbaycanda avtonom nəqliyyat vasitələrinin fəaliyyəti vahid qaydalar əsasında tənzimlənəcək. Avtonom texnologiyaların təhlükəsiz və səmərəli tətbiqi üçün hüquqi baza formalaşdırılır. Nəqliyyat sistemlərinin idarə olunmasında rəqəmsal texnologiyalardan istifadə genişləndirilir. Vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsinə əlavə imkan yaradılır.
Avtonom texnologiyaların tətbiqinə dair yeniliklər barədə müsahibəni təqdim edirik:
- Anar müəllim, avtonom nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyə dəyişikliklər hansı zərurətdən irəli gəlib və layihənin əsas məqsədi nədir?
- Dünyada nəqliyyat sahəsində rəqəmsal transformasiya sürətlə davam edir, avtonom idarəetmə texnologiyaları artıq bir çox ölkələrdə tətbiq mərhələsinə keçib. Azərbaycanda da bu istiqamətdə qabaqlayıcı hüquqi çərçivənin yaradılması vacibdir. Qəbul olunmuş qanunun əsas məqsədi nəqliyyatın müxtəlif növlərində avtonom texnologiyaların təhlükəsiz və səmərəli tətbiqini təmin etmək, həmçinin gələcək innovasiyaların ölkəmizdə istifadəsi üçün hüquqi bazanı formalaşdırmaqdır.
- Qanunda hansı əsas yeniliklər nəzərdə tutulur?
- İlk dəfə olaraq "avtonom nəqliyyat vasitəsi", "avtonom nəqliyyat vasitəsinin operatoru" və "məsafədən idarəetmə mərkəzi" kimi anlayışlar qanunvericiliyə daxil edilib. Eyni zamanda avtomobil nəqliyyatı vasitələrində yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib. Bu yanaşma avtonom nəqliyyat vasitələrinin istismarı, monitorinqi və təhlükəsizliyinin vahid qaydalar əsasında tənzimlənməsinə imkan verəcək. Bununla yanaşı, avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin effektivliyinin tənzimləyici tərəfindən test mühitində qiymətləndirilməsi tədbirləri, habelə nəqliyyat vasitəsinin istismarı nəticəsində dəyə biləcək zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisinin və ya istismarçısının məsuliyyəti nəzərdə tutulur.
- Önəmli məsələlərdən biri də avtonom nəqliyyat vasitələrinin təhlükəsizliyidir. Bu, necə təmin olunacaq?
- Bəli, vacib məqama toxundunuz. Təhlükəsizlik əsas prioritetdir. Avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən və səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istifadəyə verildikdən sonra istismar oluna biləcək. Bundan əlavə, operatorlar avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə daimi nəzarət etməli, zərurət yarandıqda operativ müdaxilə etməli və baş verən hər hansı hadisə barədə aidiyyəti qurumlara dərhal məlumat verməlidirlər. Bu nəqliyyat vasitəsi təhlükəsiz idarəetmə funksiyasına malikdir və hər hansı problem yarandıqda avtomatik olaraq təhlükəsiz vəziyyətə keçirilə bilir.
- Operator institutu nə üçün yaradılır və onların vəzifələri nədən ibarət olacaq?
- Avtonom nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz fəaliyyəti üçün operator institutu mühüm əhəmiyyət daşıyır. Operatorlar xüsusi şəhadətnamə əsasında fəaliyyət göstərəcək. Nəqliyyat vasitəsinin işinə nəzarət, məlumatların qorunmasını təmin etmək, risk yarandıqda müdaxilə olunması və istismar prosesinə dair məlumatların dövlət informasiya sistemlərinə ötürülməsi onların əsas vəzifələrinə daxildir. Bu institut avtonom nəqliyyat sistemlərinin təhlükəsiz idarə olunmasında, ictimai etimadın formalaşdırılmasında mühüm rol oynayacaq.
- Avtonom nəqliyyat vasitələrində süni intellektin rolu barədə qısa məlumat almaq istərdik.
- Avtonom nəqliyyat vasitələrində süni intellekt ətraf mühitin və yol hərəkəti şəraitinin davamlı olaraq təhlilini aparır, məlumatlar əsasında uyğun qərarları milli-saniyələr ərzində qəbul edir. Bu texnologiya sistemin daim öyrənməsinə, fəaliyyətini təkmilləşdirməsinə imkan yaradır. Nəqliyyat sistemində süni intellektdən istifadə çoxsaylı məlumatların operativ təhlilinə, nəqliyyat axınının daha səmərəli idarə olunmasına və vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsinə kömək edir. Süni intellekt mürəkkəb hesablamaları qısa müddətdə və yüksək dəqiqliklə yerinə yetirir, davamlı olaraq özü-özünü öyrədir, bilikləri toplayır və sistem daxilində paylaşır, insan səhvlərindən qaynaqlanan riskləri azaldır. Nəticədə nəqliyyat sisteminin təhlükəsizliyini, etibarlılığını və dayanıqlığını artırır.
- Anar müəllim, bu dəyişikliklər ölkənin nəqliyyat sisteminə hansı üstünlükləri qazandıracaq?
- Avtonom texnologiyaların tətbiqi nəqliyyatın təhlükəsizliyinin artırılmasına, insan amilindən qaynaqlanan risklərin azalmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə, yeni nəqliyyat növlərinin və xidmətlərin təqdim edilməsinə və rəqəmsal idarəetmə imkanlarının genişlənməsinə şərait yaradacaq. Bu addımlar Azərbaycanda innovativ və "ağıllı" nəqliyyat sistemlərinə keçidi sürətləndirəcək, ölkəmizin regionda qabaqcıl nəqliyyat mərkəzlərindən birinə çevrilməsinə əlavə töhfə verəcək.
